Siyasət 13:22 20.05.2023

Kral, İmperator və prezidentdən İlham Əliyevə məktub

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Qaynarinfo xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Mən çətinliklərin yaşandığı indiki dövrdə ölkələrimiz arasında mehriban dostluğun və güclü tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğumu bildirmək istərdim".

Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito da Azərbaycan Prezidentinə təbrik məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.

Sizə xoşbəxtlik və xalqınıza firavanlıq arzulayıram".

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer da İlham Əliyevə məktub göndərib. Məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu ilin fevral və mart aylarında Almaniyaya səfərləriniz ölkələrimiz arasında sıx dostluq münasibətlərini daha da gücləndirdi. Almaniya, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir.

Sizi əmin edə bilərəm ki, Almaniya bundan sonra da ölkənizin modernləşmə səylərində, demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində etibarlı tərəfdaş olacaqdır. Çiçəklənən, müasirləşən cəmiyyətin dinc və sabit mühitə ehtiyacı vardır. Buna görə də mən qəti şəkildə əminəm ki, Azərbaycan, eləcə də bütün bölgə regional münaqişələrin həllindən faydalanacaqdır. Biz Avropa İttifaqının üzvü kimi buna fəal töhfə vermək istəyirik.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı ifadə edir, sülh, rifah və firavan gələcək diləyirəm".