Dünya 15:23 04.05.2022

Kreml denasifikasiya terminindən imtina edir - Ruslar bu sözü deyə bilmir

Rusiya hakimiyyəti "denasifikasiya” (nasizm ünsürlərindən təmizlənmə) termininin istifadəsini kəskin şəkildə azaldıb. 

Moskva Ukraynaya təcavüzü həm də bu ölkədə nasizmin çiçəklənməsi ilə əsaslandırırdı. 

Prezident Vladimir Putin fevralın 24-də Rusiya Silahlı Qüvvələrinin Donetsk və Luqansk "respublikalarının ərazi bütövlüyünün” təmin olunması, eyni zamanda Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün "xüsusi hərbi əməliyyat”a başladığını bəyan etmişdi.   

Rusiya hakimiyyətinin artıq denasifikasiya terminini daha az istifadə etməsinin səbəbi isə sıravi vətəndaşların bu ifadəni başa düşməməsidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Porekt”ə Kremlə yaxın sosioloq və siyasi texnoloqlar bildirib. Onların sözlərinə görə, müharibə başlayandan bir həftə sonra Rusiya hakimiyyətinə yaxın sosioloqlardan Kremlin təbliğat tezislərinə cəmiyyətinin münasibətini öyrənmək tapşırılıb. Bu məqsədlə qapalı telefon sorğuları keçirilib. Məlum olub ki, cəmiyyət denasifikasiya sözünü başa düşmür və bu ifadənin anlamını izah edə bilmir. Mənbələrdən biri isə qeyd edib ki, bu ifadəni tələffüz etmək belə çətindir. 

"Bundan sonra "bardaq” yarandı. Biz hər həftə yeni ifaələr axtarırdıq, amma uğurlu heç nə tapa bilmirdik”, deyə Kremlə yaxın mənbə bildirib. 

Fevral-mart ayları ilə müqayisədə aprel ayında Rusiyanın dövlət televizisiyasının siyasi verilişlərində də aparıcıların denasifikasiya terminindən mümkün qədər az istifadə etdiyi müşahidə olunur.

Mart ayının sonunda isə "Financial Times” qəzeti yazmışdı ki, Moskva Kiyevlə sülh danışıqları zamanı Ukraynanın denasifikasiyası ilə bağlı ilkin tələbdən imtina edib.

Seyid