Siyasət 16:10 24.06.2022

Kreml: Putin tezliklə İrana səfər edəcək

Rusiya prezident aparatının (Kreml) sözçüsü Dmitri Peskov cümə günü (iyun 24) etdiyi çıxışında Rusiya prezidenti Vladimir Putinin yaxın gələcəkdə mütləq İrana səfər edəcəyini açıqlayıb. Amma dəqiq tarix hələ məlum deyil.

Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.

Rusiya prezident aparatının sözçüsü Putinin İrana səfərinin və Astana sammitində iştirakının mümkünlüyü ilə bağlı suala cavab olaraq deyib: 
"O, tezliklə İrana gedəcək, lakin hələlik dəqiq tarix müəyyən edilməyib".

TASS-ın məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian dünən cümə axşamı günü Tehranda İran, Rusiya və Türkiyə arasında görüşün keçiriləcəyinə ümid etdiyini bildirib.

Qeyd edilir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Tehrana səfər edib və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

M.Arif