Siyasət 14:32 11.05.2023

Kremldən Bakı və İrəvana çağırış: "Təmkinli yanaşma gözləyirik"

"Rusiya Qarabağda vasitəçi kimi çıxış edir, Ermənistan və Azərbaycandan təmkin gözləyir".

Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Bilirsiniz ki, təmaslar davam edir. Srağagün Vladimir Putin Qələbə bayramı münasibətilə Moskvada olan Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca söhbət edib, Azərbaycan tərəfi ilə təmaslar davam edir”, deyə Peskov qeyd edib.

Eyni zamanda o bildirib ki, İrəvanla Bakı arasında yeni gərginlik fonunda hazırda Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında təmaslar planlaşdırılmır.

Rusiya liderinin mətbuat katibi onu da vurğulayıb ki, Moskva üçtərəfli sənədlərə uyğun olaraq nəzərdə tutulan funksiyalarını yerinə yetirməkdə davam edəcək:

"Əlbəttə, biz tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına səbəb ola biləcək hər hansı addım atmamağa çağırırıq".

Qeyd edək ki, ötən gecə Ermənistan Silahlı Qüvvələrinin sərhəddə növbəti təxribatı nəticəsində bir hərbçimiz şəhid olub.

Aydın