Dünya 17:51 14.03.2023

KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir... - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı Rusiya prezidenti Vladimir Putinə Dağlıq Qarabağda rusiyalı sülhməramlıların məsuliyyət zonasındakı problemlər barədə məlumat çatdırdığını, həmçinin "KTMT-nin Ermənistanı tərk etdiyi” ilə bağlı fikirlərini bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Rusiya Federasiyasının prezidenti ilə söhbət əsasən Dağlıq Qarabağda gərginliyin eskalasiyası təhlükəsinə həsr olunub və mən vurğuladım ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında problemlər var”, - Ermənistanın baş naziri qeyd edib və əlavə edib ki, bu, martın 13-də Putinlə söhbəti zamanı müzakirə olunub.

Həmçinin, Paşinyanın sözlərinə görə, o, KTMT-nin indi faktiki olaraq "Ermənistanı tərk etdiyindən” və ölkədəki mövqelərini itirdiyindən narahatdır. Eyni zamanda, siyasətçi vurğulayıb ki, İrəvan öz istəyi ilə təşkilatdakı üzvlüyünü dayandırmaq fikrində deyil.

"2022-ci ildə KTMT prezidenti (baş katib - TASS qeydi) mənə dedi ki, KTMT-də Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı narahatlıqlar var. Mən cavab verdim ki, bu narahatlıqlar yersizdir, lakin Ermənistanda mövcud olan narahatlıqların əsası var və bunlar KTMT-nin Ermənistanı tərk etməsi ilə bağlıdır. Və mənim qiymətləndirməm budur ki, istər-istəməz KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir”, - Paşinyan qeyd edib. 

Paşinyan onu da əlavə edib ki, Ermənistan özünün təhlükəsizliyinin gücləndirəcəyinə əmin olduqda KTMT-nin baş katibinin müavini vəzifəsinə öz nümayəndəsinin təyin edilməsinə razılaşacaq. 

"Əgər bu vəzifəni aldıqdan sonra xalqımıza yanlış mesaj verdiyimiz ortaya çıxmayacaqsa, bu təhlükəsizlik üçün əlavə bir amil olacaqsa, biz KTMT baş katibinin müavini üçün kvota almağa şad olarıq. Əgər bu baş verməsə, onda biz bu vəzifədə heç bir məna görmürük”, - Ermənistanın baş naziri bildirib.

Nizami Bağırov