Orxan Saffari
Ölkə 16:56 17.03.2022

Laçın ayrılığı

Orxan Saffari

Laçın haqqında yazdığım yazıların birində demişdim ki, "əsgər üçün xidmət çıxırsa, postdadırsa, naryad, patruldursa, heç cənnət də gözəl yer deyil".

Cənnət və cəhənnəmdən danışmağa hələ bir ölüm, bir ömür var, Laçını isə 30 ildir görüb danışmaq olmurdu. İndi Laçın ovcumuzum içində, dilimizin ucundadır, gözümüzün önündədir. 

Nə qədər danışırsan, deyirsən, axırda da təzədən deyirsən ki, nə danışasan, nə deyəsən?! 

Bitmir ki, bitmir. 

Bizimkisi aydın məsələdir, əsgər bala adamlarıq, amma etiraf edim ki, mən Laçına 9 aydır ki, əsgər kimi yanaşa bilməmişəm. Laçına ancaq bir yazıçı kimi baxmışam, şair kimi yanaşmışam, laçınlı olmuşam. Laçın haqqında yazdığım yazıların başqa birində dediyim kimi; Laçın mənim həsrət yerimdir, darıxmaq ünvanımdır. Nə bilim, Laçın mənə bir az çox şeydir. Burda nələr yaşamadım, nələr görmədim? Yaza bilmədiyim, bilməyəcəyim anlardan tutmuş, ifadə eləyə bilmədiyim, bilməyəcəyim anlara kimi. 

Getdiyim hər kəndində xidmətdən, xidmətin çətinliyindən əvvəl düşündüyüm başqa şeylər var. Gördüyüm yerlər, gözümdə buranın 30 il əvvəlki canlardığım anları, adamları, uçulmuş evlərə baxanda gördüyüm puç olmuş ümidlər və daha nələr, daha nələr. Gecələr xidmətdə məni düşmən kimi qəfil haqlayan bu andır darıxmaq, bu zibilə qalmış həssas hisslər, məqamlar, anlar.

Ay Laçın, can Laçın...

Bəlkə də, Laçında yeganə əsgərəm ki, burda ola-ola bura üçün darıxıram. Xidmətimin bitməyinə yazını yazdığım anda cəmi 107 gün qalıb. Bəlkə bu sözüm əsgərlikdə olanlara qəribə gələr, inandırıcı olmaya bilər, amma indidən burdan gedəndən sonra da bura üçün darıxacağıma darıxıram. 

Hər nə qədər əzablı günlər, çətin anlar olsa da.

"Xidmət qaçılmazdırsa, ondan zövq al" 

Hər qarışı, kəndi, uçulmuş evləri, meyvə ağacları, bumbuz sularına, itinə, pişiyinə qədər doğmalaşan Laçın...

Şair demiş; "bütün ayrılıqlar komikadzedir"

Hərbi xidməti bitirəndən sonra gecənin bir aləmi meşənin ortasında gözüm Hocaz kəndində Rövşən Cavadovun dağılmış evini görmək istəsə neyləyəcəm?! Onun evində oturub yazdığım yazılar, çəkdiyim dərdləri, düşüncələri hardan tapacam bir də?!

Hardan tapacam bu dağları, dərələri? Hansı qarlı dağlara baxıb " şu dağlarda kar olsaydım, olsaydım" oxuyub ağlayacam?!

Minkənd çayının sahili ilə küləkli, siqaretimi söndürən çiskinli havada buralarda gəzdiyim üçün axıtdığım göz yaşını kim verə biləcək mənə?!

Axx, nələr var danışmağa, yazmağa, nələr var deməyə. Amma indi Laçın üçün, Qarabağ üçün həm də susmaq məqamıdır...

Ayrılıqlar çoxdu axı. Mənim bu ayrılığımın adı da "Laçın ayrılığıdır"

"Sən axı bilmirsən, üzündən iraq, 
Laçıntək darıxmaq nətəhər olur".