Siyasət 11:25 28.06.2022

Laçın dəhlizi Azərbaycana qaytarılacaq

"10 noyabr 2020-ci ildə imzalanan birgə bəyanatın şərtlərinə görə, Laçın rayonu və oradan keçən dəhliz alternativ yolun tikintisi başa çatdıqdan sonra Azərbaycana təhvil verilməlidir. Bunu Paşinyan öz imzası ilə təsdiq edib”. 

Bu barədə Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. Onun fikirincə, Paşinyanın verdiyi bəyanatda qeyri-adi heç nə yoxdur:
 
"Sadəcə Ermənistan daxilində bəzi revanşist qüvvələr bu bəyanatın yerinə yetirilməsinə maneçilik törədirlər. Ermənistandakı mintinqlər fonunda Paşinyan daxili auditoriyaya mesaj verib və izah edib ki, başqa çıxış yolu mövcud deyil. Lakin burada yenə də "Dağlıq Qarabağ” ifadəsindən istifadə edilir. Bu isə Azərbaycan tərəfindən qəbul ediləcək bir ifadə deyil. Çünki birgə bəyanatda Dağlıq Qarabağın adı çəkilmir. Sonrakı bəyanatlarda da bu öz əksini tapmayıb. Ona görə bu ifadə Azərbaycan tərəfini daha sərt addımlar atmağa sövq edə bilər”.

Hərbi ekspert bildirib ki, Laçının Azərbaycana təhvil veriləcəyinə heç kəsin şübhəsi olmayıb:

"Sadəcə bu proses alternativ yolun inşası başa çatdıqdan sonra mümkün olacaq. Çünki Rusiya sülhməramlılarının da həmin ərazidən erməni silahlıları ilə birgə çıxarılmasını təmin etməliyik. Bunun üçün də yolun hazır olub, istifadəyə verilməsi lazımdır”. 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Laçın rayonu və Laçın dəhlizinin Azərbaycana qaytarılacağını bildirib: "Laçın dəhlizinə alternativ yolun inşası başa çatdıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq”.

Bahar Rüstəmli