Siyasət 15:04 20.06.2022

Laçın dəhlizinə alternativ yol: Tətəflər nə qazanacaq? - Ekspertlər

Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi cari ilin iyulun 1-nə planlaşdırılır. Bu fikri, Ermənistan parlamentinin deputatı Tiqran Abramyan erməni mediasına açıqlamasında bildirib. 

10 noyabr üçtərəfli bəyannaməsində də göstərildiyi kimi tikilən alternativ yol Laçın şəhərinin özündən yan keçəcək avtomobil yolu olacaq. İndiki halda isə ermənilər Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Laçından keçmədən çəkilən alternativ yoldan isə həm ermənilər, həm də azərbaycanlılar istifadə edəcək. Həmin yol Laçının 6 kəndini birləşdirir və uzunluğu 28 kilometrdir. Bu məqsədlə Həkəri çayı üzərində körpü də tikilib. 

Məsələni Qaynarinfo-ya şərh edən politoloq Elşən Mirzəoğluna görə, Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması prosesini sürətləndirəcək:
 
"Laçın dəhlizinə alternativ yolun çəkilməsi bölgənin rentabelliyini əhəmiyyətli dərəcədə artıracaq. Bu fonda Azərbaycanın tranzit imkanları da artacaq. Tranzit imkanlarımızın bu fonda artması ilə Qərb və Şərq ölkələrinin Azərbaycana olan marağı daha da yüksələcək. Bu isə ölkəmizə əlavə geosiyasi dividentlər verəcək. Bu amil bölgədə təhlükəsizlik və dayanıqlı sülhünün təmin edilməsini tələb edəcək. Belə olan halda halda bölgədə maraqlı olan dövlətlər Ermənistan iqtidarından Moskva və Brüssel razılaşmalarının şərtlərinin yerinə yetiriıməsilə bağlı tam birmənalı mövqe sərgiləmələrini tələb edə bilərlər. Yaranmış vəziyyət perspektivdə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin denasifikasiyası ilə bağlı məsələnin həllinə gətirib çıxara bilər. Bir şərtlə ki, beynəlxalq güclərin İrəvana güclü təzyiqi olsun”. 

Hərbi ekspert Ramil Məmmədli isə qeyd edir ki, alternativ yol ilk növbədə Laçın şəhəri ərazisinin ermənilərdən alınması və sülhməramlı qüvvələrdən boşaldılması anlamına gələcək:
 
"Həmin alternativ yolun çəkilməsində Azərbaycanın əsas məqsədi də məhz budur. Alternativ yol bu istiqamətdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə xidmət edəcək. Çünki məsələnin bu cür qoyuluşu Azərbaycan Ordusu üçün hərbi-strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Məsələnin humanitar tərəfinə gəldikdə, azərbaycanlılar həmin ərazilərə köçürüləcək və burada infrastruktur möhkəmləndiriləcək. Mövcud vəziyyətdə Laçın şəhəri daxil həmin ərazidə Azərbaycanın yeni hərbi infrastrukturu formalaşacaq”. 

Rüfət Sultan