"Sergey Lavrov Türkiyəyə səfəri çərçivəsində daha çox Suriya problemini müzakirə edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Rusiya xarici işlər nazirinin aprelin 6-7-də Türkiyədə səfərdə olmasına münasibət bildirərkən deyib.
Politoloq səfər zamanı müzakirə oluna biləcək məsələlərlə bağlı da danışıb:
"Adətən, bir çox hallarda xarici işlər nazirlərinin bu kimi səfərləri prezidentlərin görüşü ərəfəsində baş verir. Bir neçə həftə öncə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin Akuyu stansiyasının açılışı ilə bağlı bu ölkəyə səfər edəcəyini anons etmişdi. Bu baxımdan, Lavrovun səfəri də Putinin görüşlərinə hazırlıq məqsədi daşıya bilər.
Digər tərəfdən, Rusiyanın baş diplomatının səfəri zamanı iqtisadi məsələlər də müzakirə olunacaq. Türkiyə son zamanlar Rusiyaya qarşı olan müəyyən sanksiyalara qoşulub. Bu da Rusiyada müəyyən narahatlıq yaradır. Lakin araşdırmaçılar hesab edirlər ki, Ankara Moskva ilə münasibətlərin gərginləşməsini arzulamır. Keçən il iki ölkə arasında ticarət dövriyyəsi 50 milyard dollara çatmışdı. Rusiya Türkiyəyə ucuz qiymətə xammal təklif edir. Belə olan halda aydındır ki, Türkiyə bu şanslardan imtina etmək istəməz.
Lavrovun görüşləri zamanı Ukrayna ətrafındakı proseslər də müzakirə olunacaq. Gündəmdə Türkiyə-Suriya münasibətlərinin tənzimlənməsi məsələsi var. Bu məsələdə Rusiya müəyyən rol oynayır. Cənubi Qafqaz, Azərbaycan-Ermənistan münasibətləri, yol nəqliyyat xətlərinin açılması da həm Ankara, həm də Moskva üçün aktual məsələlərdəndir. 50 milyardlıq ticarət dövriyyəsini hazırkı nəqliyyat infrastrukturası kifayət qədər faydalı şəkildə həzm edə bilmir. Bu mənada Zəngəzur dəhlizi vacib infrastrukturaya çevrilə bilər. Dəmir yol daşımaları artan xətlə inkişaf edir. Tərəflər bu məsələlərlə bağlı da fikir mübadiləsi aparacaqlar”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz şefi Sergey Lavrovun 6-7 aprel tarixlərində Türkiyəyə səfər edəcəyini bildirib.
Rüfət Sultan
Şərhlər