Dünya 16:53 20.07.2022

Lavrov yeni əraziləri ələ keçirməyə davam edəcəyik deyib Ukraynanı hədələdi

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Qərb silahlarının Ukraynaya tədarükü səbəbindən müharibənin "coğrafi vəzifələrinin” dəyişdiyini bildirib və Ukraynaya uzaqmənzilli silahlar veriləcəyi təqdirdə yeni əraziləri ələ keçirəcəyi ilə hədələyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Lavrov RİA Novosti və RT-yə müsahibəsində deyib.

"Xüsusi hərbi əməliyyata” və coğrafi koordinatlara gəlincə, prezident siz ondan sitat gətirdiyiniz kimi çox aydın deyib: denasifikasiya, demilitarizasiya o mənada ki, təhlükəsizliyimizə heç bir təhlükə olmasın, Ukrayna ərazisindən hərbi təhdidlər olmasın, bu vəzifə olaraq qalır...
İstanbulda danışıqlar aparılanda bir coğrafiya var idi və bizim Ukraynanın təklifini qəbul etməyə hazırlığımız həmin coğrafiyaya, 2022-ci ilin mart ayının sonundakı coğrafiyaya əsaslanırdı.
İndi coğrafiya başqadır. Bu, təkcə "DXR” və "LXR” deyil, həm də Xerson vilayəti, Zaporojye vilayəti və bir sıra digər ərazilərdir və bu proses ardıcıl və israrla davam edir”.

Lavrov iddia edir ki, Qərb Ukraynanı HIMARS kimi getdikcə daha çox uzaqmənzilli silahlarla təmin etdikcə "xüsusi əməliyyatın coğrafi məqsədləri” indiki xəttdən daha da irəliləyəcək.

"Çünki biz Ukraynanın Zelenskinin və ya onun əvəzləyəcək şəxsin nəzarət edəcəyi hissəsinə imkan verə bilmərik ki, bizim ərazimizə və müstəqilliyini elan etmiş respublikaların ərazisinə birbaşa təhlükə yaradacaq silahlar olsun”, – Lavrov bildirib.

Nizami Bağırov