Ölkə 10:55 05.09.2022

Lerikdəki qəzada xəsarət alanların son durumu açıqlandı

Lerik rayonunun Günəşli kəndində baş verən qəzada xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Bu barədə Qaynarinfo-ya xəstəxanadan məlumat verilib.

Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb.

Hazırda 8 nəfərin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin vəziyyəti ağır, 1 nəfərin (kişi) vəziyyəti isə orta ağır qiymətləndirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin silkələnməsi və çox saylı qabırğa sınıqları ilə bağlıdır.

Qeyd edək ki, dünən saat 15:20 radələrində Lerik rayonun Günəşli kəndi ərazisində "Mersedes” markalı mikroavtobus sərt döngədə idarəetməni itirərək yol kənarında aşıb. Nəticədə 8 nəfər həlak olub, 8 nəfər isə (7-si qadın, 1-i kişi) xəstəxanaya yerləşdirilib.

Əhməd