Siyasət 11:56 17.08.2022

Lizz Trass Boris Consonun yürütdüyü siyasətin əksinə hərəkət edəcək – Politoloq

Böyük Britaniyanın növbəti baş naziri xarici işlər naziri vəzifəsini icra edən Liz Trass olacaq. Son rəy soğrularına görə o rəqibi Rişi Sunakı xeyli qabaqlayır. "The Guardian”ın sorğusuna görə, Mühafizəkarlar Partiyasının əksər üzvləri Britaniyanın növbəti baş naziri olacaq partiyanın yeni liderinin seçkilərində məhz Liz Trassa səs verəcək. Mühafizəkarların 61 faizi Liz Trassı, cəmi 39 faizi isə Rişi Sunakı dəstəkləyir. Liz Trass son açıqlamalarında Londonun əvvəlki siyasətini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, o da sələfi Boris Conson kimi Ukrayna məsələsində Rusiyaya qarşı kəskin mövqe tərəfdarı kimi özünü göstərə bilib.
Bunun nəticəsidir ki, Rusiya mətbuatı Liz Trass barədə müxtəlif uydurma kompromatlar yazır. Bu da onun göstərir ki, Kreml rəhbərliyi Trassın hakimiyyətə gəlməsindən narahatdır. Bu xüsusda Moskvanın hətta seçkilər ərəfəsi Londonda müəyyən təxribatlara can atacağı da istisna deyil.

Lizz Trass növbəti "dəmir ledi” ola biləcəkmi? Hakimiyyətə  gələrsə, o hansı kursu yürüdəcək və Conson kimi aktivliyilə seçiləcəkmi? Mövzu ilə bağlı Qaynarinfo-ya danışan politoloq Xəyal Bəşirov düşünür ki, Lizz Trass Boris Consonun yürütdüyü siyasətin əksinə hərəkət edəcək və yumşaq mövqeyilə seçiləcək:


 
"Böyük Britaniya XIX əsrin ortalarında İngiltərəyə başçılıq etmiş Halistonun deyib ki,"İngiltərənin daimi dostları və daimi düşmənləri yoxdur, əbədi maraqları var”.
 
Buna ən düzgün şəkildə əməl edən baş nazirlərdən biri də Uinston Çörçil olub. Consonun hakimiyyətdən vaxtından əvvəl getməsinin səbəblərindən biri də məhz bu arqumentə əməl etməməsi olub. Conson bu məsələdə, xüsusən də Ukrayna ilə bağlı olaraq çərçivədən çıxdığından hakimiyyəti təhvil verməli oldu. Amma Liz Trass hakimiyyətə gələrsə heç də Consonun siyasətini davam etdirməyəcək. Həmçinin, onun Marqaret Tetçer kimi "dəmir ledi” olacağını da gözləmirəm. Çünki Böyük Britaniyanın hazırkı mövqeyi və gücü dünya siyasətində Tetçer dövrü addımlarının təkrarlanmasına imkan vermir. Britaniyada növbəti hakimiyyət Rusiya-Ukrayna məsələsində də mümkün qədər neytral mövqe sərgiləməyə çalışacaq. Bu mənada Britaniyada hakimiyyət dəyişikliyi əslində Avropanın da marağındadır. "Dəmir ledi” siyasəti əvəzinə Liz Trass mümkün qədər yumşaq siyasət və neytral mövqe yürüdəcək”. Bakı ilə Londonun münasibətlərinə gəldikdə isə, həmsöhbətimiz düşünür ki, yeni hökumət Azərbaycanın narahatlığını aradan qaldırmaq üçün müəyyən addımlar atacaq:

"London 44 günlük müharibədə Azərbaycanın yanında oldu. Amma Londonda Azərbaycan səfirliyində baş verən insident Böyük Britaniyanın nüfuzuna xələl gətirən addımdır. Lakin bu məslə Bakı ilə London arasında gərginliyə səbəb olmamalıdır. Hesab edirəm ki,növbəti London adminstrasiyası Bakının bu haqlı narahatlığının aradan qaldırılması yolunda müəyyən addımlar atacaq”.

Rüfət Sultan