Dünya 13:43 17.01.2023

Londonun polis əməkdaşı 49 cinayəti etiraf etdi: onun hərəkətləri çoxunu heyrətə salacaq

Londonun polis əməkdaşı Devid Kerrik vəzifəsindən istifadə edərək 20 ilə yaxın cinsi xarakterli cinayətlər törədib. Həbs edildikdən sonra o, artıq 49 cinayət hadisəsini etiraf edib. 

Qaynarinfo xəbər verir ki, BBC-nin məlumatına görə, 48 yaşlı polis zabiti 2021-ci ilin oktyabrında saxlanılıb və vəzifəsindən uzaqlaşdırılıb. O, 2003-cü ildən 2020-ci ilə qədər törətdiyi zorlama və digər cinayətlər üzrə 24 ittiham üzrə özünü təqsirli bilib.

Onların əksəriyyəti Kerrikin yaşadığı Britaniyanın Hertfordşir şəhərində baş verib.

O, bəzi qurbanları ilə Tinder və Badoo kimi onlayn tanışlıq saytları vasitəsilə tanış olub. Cinayəti törədən şəxs onların etimadını qazanmaq üçün polis əməkdaşı vəzifəsindən də istifadə edib.

Kerrik doqquz qadına təcavüz etdiyini etiraf edib, onlardan bəzilərini bir neçə dəfə. Bu, aylarla davam edib və əksər hallarda qurbanlara fiziki xəsarət yetirilməsi ilə müşayiət olunub.

O, həmçinin qadınların hansı paltarı geyinməsinə, nə vaxt yemək yeməsinə, harada yatmasına nəzarət edib, hətta bəzilərinə öz uşaqları ilə danışmağı qadağan edib.

"Devid Kerrikin cinayətlərinin təfərrüatları həqiqətən şokedicidir. Güman edirəm ki, onun hərəkətləri çoxlarını heyrətə salacaq, lakin ümid edirəm ki, zərərçəkmişlər və ictimaiyyət heç kimin qanundan üstün olmadığına əmin olacaq və polis bu yolla qadınları ovlayan cinayətkarları amansızlıqla təqib edəcək”, - Bedfordşir, Kembricşir və Hertfordşir əyalətlərinin ağır cinayətlərlə mübarizə şöbəsinin böyük inspektoru İen Mur bildirib.

Ehtimal edilir ki, Kerrikin cinayətləri ilə bağlı daha çox iddialar ortaya çıxsın.

London polisinin peşəkarlıq üzrə rəhbəri, komissar köməkçisi Barbara Qrey deyib ki, Kerrik polis əməkdaşı kimi vəzifəsindən qurbanların əzabını uzatmaq üçün istifadə edib. Qadınlar daha əvvəl bunu iddia edə bilmirdilər, çünki o, qadınlara heç kimin onlara inanmayacağına inandırıb.

"Kerrik ictimaiyyəti qorumaq məsuliyyətinin ona həvalə edildiyi bir vəzifədə idi, lakin 17 il şəxsi həyatında bunun əksini etdi", - Qrey bildirib.
London meri Sadiq Xan və İngiltərənin baş naziri Rişi Sunak da bu səs-küylü işə reaksiya veriblər.

Xan bildirib ki, keçmiş polis məmurunun cinayətlərindən "tamamilə üzüldüyünü və mat qalıb”.

Ölkənin baş nazirinin sözçüsü bunun "dəhşətli hal” olduğunu bildirib.

"Biz açıq şəkildə bildirdik ki, polis qüvvələrimizdə məqbul davranış standartlarından ciddi şəkildə aşağı olan və forma geyinməyə yararsız olan zabitlər üçün yer yoxdur” - deyə o, fikrini yekunlaşdırıb.

Nizami Bağırov