"Səfər çərçivəsində Aleksandr Lukaşenko Bakıya Avrasiya İqtisadi İttifaqına üzv olmağı təklif edə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana başlanan səfərini şərh edərkən deyib.
Politoloq vurğulayıb ki, Azərbaycanla Belarus arasında əlaqələr hər zaman dostluq və əməkdaşlıq səviyyəsində olub:
"Lukaşenko da Azərbaycan və Prezident İlham Əliyevlə dost münasibətlərdədir. O həmçinin Azərbaycanın ərazilərinin işğalı dövründə ölkəmizin haqlı mövqeyini dəstəkləyib. Habelə, Azərbaycana strateji hücum silahlarının verilməsini təmin edib. Lukaşenkonun Azərbaycana bu dəfəki səfəri iki dövlət arasında mövcud olan münasibətlərin daha da inkişaf etdirilməsi məqsədi daşıyır. Bu səfərdə əsas məqsədin Azərbaycan və Belarus respublikaları arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin dayandığını qeyd etmək olar".
Aazər Qasımov bildirib ki, səfər çərçivəsində Belarus dövlətinin istehsal etdiyi məhsulların, eyni zamanda, hərbi və qida sənayesi məhsullarının Azərbaycana satılmasını təmin etmək üçün təkliflərlə çıxış etməsi gözləniləndir. Həmsöhbətimizə görə, siyasi olaraq iki ölkə arasında əsas ortaq nöqtə Rusiyadır:
"Hesab edirəm ki, Lukaşenko Rusiyanın Azərbaycana demədikləri təkliflərlə çıxış edə bilər. Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsi kimi təklifin irəli sürülməsi də istisna deyil. KTMT-yə üzvlüklə əlaqəli söhbətlər isə olmayacaq. Lukaşenko həmin məsələyə veriləcək cavabı böyük ölçüdə bildiyi üçün bu mövzuya toxunmayacaq. Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsinə isti baxdığını da düşünmürəm. Hansısa hüquq məhdudlaşdırıcı iqtisadi birliyin Azərbaycanın daxili iqtisadi konyukturuna uyğun olmadığı qənaətindəyəm".
Qeyd edək ki, Belorus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfərə gəlib. O, Prezident İlham Əliyevlə təkbətək görüş keçirib. Hazırda dövlət başçıları arasında geniş tərkibdə görüş keçirilir.
Rüfət Sultan
Şərhlər