Dünya 18:42 23.02.2023

Lukaşenko: "Si Cinpin müharibə ilə bağlı danışacaq, bunun ciddi nəticələri olacaq"

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Çin sədri Si Cinpin fevralın 23 və ya 24-də Rusiya-Ukrayna münaqişəsi ilə bağlı çıxış edəcək. Belarus prezidenti bu məlumatı haradan aldığını dəqiqləşdirməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

"Bilirəm ki, bu gün və ya sabah Si Cinpin Ukraynadakı münaqişə ilə bağlı bəyanat verəcək və ya çıxış edəcək. Nəzərə alın ki, bu, Çin siyasəti üçün qeyri-adi addımdır. Çinlilər həmişə səliqəli, diqqətli olurlar. Onlar lazım olmayan yerə getmirlər”, deyə Lukaşenko Çin mediasına müsahibəsində bildirib.

Belarus prezidenti iddia edir ki, Çin lazımi nəticə verməyəcək addımlar atmayacaq: "Beləliklə, Çin öz mövqeyini ən yüksək məmur Si Cinpinin ağzından bu şəkildə səsləndirmək qərarına gəlsə, bunun ciddi nəticələri olacaq. Əgər Çin liderinin ağzından səslənəcək bu mesaj ünvanlandığı şəxslər tərəfindən eşidilməzsə, bunun da ciddi nəticələri olacaq”.

Bununla bağlı o, mümkün bəyanatın ünvançılarına Si Cinpinin sözlərinə "ciddi yanaşmağı”, həmçinin müvafiq addımlar atmağı tövsiyə edib. "Bu, regionda sülh naminə ciddi səs olacaq", deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarus Ukraynadakı münaqişənin sülh yolu ilə həlli istiqamətində Çinlə həmrəydir. O, əmin olduğunu bildirib ki, Rusiya tərəfi də münaqişəyə son qoymağa çalışır. Lukaşenko deyib ki, "hər şey amerikalılardan asılıdır”.

Nizami Bağırov