Dünya 16:07 21.04.2023

Macarıstan Ukrayna taxılının tranziti ilə bağlı yekun mövqeyini açıqladı

Ukrayna taxılının Macarıstandan tranziti maneəsiz keçəcək.

Qaynarinfo Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Macarıstanın kənd təsərrüfatı naziri İştvan Naqi Ukraynanın aqrar siyasət naziri Nikolay Solski ilə görüşündə deyib.

"Tərəflər qəbul edilmiş qərarlarla bağlı yaranmış vəziyyəti müzakirə ediblər. Macarıstanlı nazir əmin edib ki, onların ölkəsi vasitəsilə tranzit sürətlə, səmərəli və maneəsiz keçəcək", deyə məlumatda qeyd edilir.

Bundan əlavə, Macarıstanın kənd təsərrüfatı naziri Ukrayna taxılının Avropa ölkələrinə daşınması xərclərinin kompensasiya edilməsi ideyasını dəstəklədiyini bildirib.

Qeyd edək ki, aprelin 15-də Polşa Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalına qadağa qoyub. Qadağa Ukrayna taxılının üçüncü ölkələrə tranzitinə də şamil ediləcək.

Eyni zamanda, Macarıstan hökuməti Ukrayna taxılının idxalına qadağa qoyulduğunu elan edib. Lakin Ukraynanın aqrar-sənaye məhsullarının öz ərazisindən tranzitini saxlamağa söz verib.

Slovakiya da Ukraynadan taxıl və digər seçilmiş malların idxalını dayandırmaq qərarına gəlib.

Aprelin 18-də məlum olub ki, Ukrayna mallarının Polşa ərazisindən tranzitinə qoyulmuş qadağa aprelin 21-nə keçən gecə ləğv olunacaq.

Bu gün Avropa Komissiyası Ukrayna taxıl probleminin həllini təklif edib. Avropa Komissiyası Ukrayna taxıl böhranı fonunda 5 dövlətə təklif edilən 100 milyon avroluq maliyyə paketinin verilməsini bu ölkələrin birtərəfli qadağalarının aradan qaldırılması ilə əlaqələndirib.

Aydın