Siyasət 17:26 23.12.2022

“Makron Avropanın yeni sabitlik arxitekturasına zərbə vurur” - Politoloq

"Fransa Azərbaycan və Ermənistan münasibətlərində tərəfsizliyini qoruyub saxlaya bilmir, təcavüzkarı dəstəkləyirsə, deməli postsovet məkanında nəzərdə tutduğu strategiyasını da həyata keçirə bilməyəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq qeyd edib ki, Fransa prezidenti Emmanuel Makronun səsləndirdiyi fikirlər populizmdən başqa bir nəsnə deyil.

Xatırladaq ki, E. Makron Avropa İttifaqının Ukrayna ilə yanaşı, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistanın təhlükəsizlik və sabitliyini zəmanət altına alacaq yeni arxitektura haqda düşünməsinin vacibliyini vurğulayıb.

"Makron zahirən cəlbedici görünən, amma həyata keçirilməsi mümkün olmayan fikirləri söyləməkdə həmişə irəli çıxmağa çalışır. İdeya həqiqətən də cəlbedicidir. Çünki ətrafımızdakı Rusiya və İran təcavüzkar ideyaları gündəmə gətirməyə çalışırlar. Onların hədəfində olan tək Ukrayna deyil. Demək olar ki, postsovet məkanındakı bütün ölkələr hədəfdədir. Aydındır ki, Ukrayna müharibəsi bitdikdən sonra, gec-tez Kişinyov, Tiflis, Bakı və İrəvan Aİ-nin yeni arxitekturasının ayrılmaz tərkib hissəsinə çevriləcək. Bu mənada Makron da özünün lider olduğunu göstərmək üçün irəli keçməyə çalışır. Amma onun bu fikirdə nə qədər səmimi olduğunu söyləmək çətindir”, deyə Qabil Hüseynli bildirib.



Həmsöhbətimiz qeyd edir ki, ideya yaşamağa layiqdir, amma onu irəli sürənin şəxsiyyəti, dövlətinin həyata keçirdiyi siyasət bu ideyanın həyatiliyinə müəyyən şübhələr yaradır:

"Makron Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə tərəfsizliyini qoruyub saxlaya bilmir, təcavüzkarı dəstəkləyir, Parisin birtərəfli, qeyri-obyektiv mövqeyi çoxsaylı suallar doğurur. Odur ki, Makronun bəyanatının səmimiliyinə inanmıram”.

Qeyd edək ki, Makron "Wall Street Journal”a müsahibəsi zamanı Avropa İttifaqının Ukrayna ilə yanaşı, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistanın təhlükəsizlik və sabitliyini zəmanət altına alacaq yeni arxitektura haqda düşünməli olduğunu diqqətə çatdırıb: "Biz ilk növbədə Ukrayna, eyni zamanda Moldova, Ermənistan, Azərbaycan və Gürcüstanın təhlükəsizik və sabitliyini zəmanət altına alan təhlükəsizlik və sabitlik arxitekturası barəsində düşünməliyik. Bu sual gələcəkdə Belarusla bağlı da verilə bilər”. 

Rüfət Sultan