Siyasət 15:21 08.06.2023

“Mariya Zaxarova təxribatla məşğuldur” - Politoloq

"Rusiya istədiyi bəyanatı verə bilər. Amma artıq 10 noyabr sazişi deyiləcək sənəd yoxdur. Çünki həmin sənəd işləmir. Moskva rəsmiləri boş-boş danışmaqdansa, real iş görsə daha yaxşı olardı”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın səsləndirdiyi fikri şərh edərkən deyib.

"Rusiya üçtərəfli bəyanatları "yol xəritəsi” elan edə bilər. Ancaq  istənilən bir sənədin icra mexanizmləri olmalıdır. Lakin görünən odur ki, bəyanatdan irəli gələn 9 müddəanın həyata keçməsi üçün Moskva indiyə kimi heç nə etməyib. Qanunsuz silahlı dəstələr hələ də Qarabağda qalmaqda davam edir. Zəngəzur koridorunun açılması, maneəsiz keçid təmin olunmayıb. Rusiyanın sərhəd qoşunları ora nəzarəti təmin edə bilmədi. 4-cü, 7-ci, 9-cu müddəalar isə ümumiyyətlə işləmir. Deməli, bütövlükdə sənəd işlək deyil. Belə vəziyyətin əsas günahkarı Rusiyadır.  Moskva anlamalıdır ki, bu məsələdə artıq qatar gedib. Məhz, həmin sənəd işlək  olmadığından alternativ olaraq Qərb platforması dövriyyəyə daxil olub”, deyə politoloq vurğulayıb. 

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın üçtərəfli bəyanatları Azərbaycan və Ermənistan arasında barışıq prosesi üçün alternativi olmayan "yol xəritəsi” hesab etdiyini bildirib: "Biz dəfələrlə bəyan etmişik ki, üçtərəfli formatda - Rusiya, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzərində işləyirik. Biz üçtərəfli bəyanatlar toplusunu proses üçün alternativsiz "yol xəritəsi” hesab edirik. Bu işin öz trekləri, danışıqlar prosesinin dinamikası, formatları və əlavə alətləri var. Biz heç nəyə  məcbur etməyə çalışmırıq, plana əməl edirik".

Rüfət Sultan