Dünya 11:27 13.02.2024

Mask: "Putin uduzmayacaq, ona görə də Ukraynaya kömək etməyə ehtiyac yoxdur"

İlon Mask ABŞ-ın respublikaçı senatorlarına deyib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni uduzması üçün "heç bir şans yoxdur”. 

Qaynarinfo "Bloomberg"ə istinadla xəbər verir ki, Mask bu fikirləri Platform X-da Ukraynaya yardım haqqında qanun layihəsinin əleyhdarlarının daxil olduğu müzakirələr zamanı deyib.

"Bu xərclər Ukraynaya kömək etmir. Müharibənin davam etdirilməsi Ukraynaya kömək etmir", - Mask deyib.

Bundan başqa, qalmaqallı milyarder Putinə haqq qazandırmaq qərarına gəlib və deyib ki, Rusiya prezidentinə müharibəni sona çatdırmaq üçün təzyiqlər edilir.

"Əgər geri çəkilsə, öldürüləcək", - Mask deyib.

Mask həmçinin Putinin üzrxahlığı ilə bağlı ittihamları rədd edərək, onları "absurd” adlandırıb. O, şirkətlərinin "Rusiyanı hər kəsdən daha çox sarsıtmaq üçün daha çox iş gördüyünü" söyləyərək, SpaceX-in Ukraynaya Rusiyanın işğalından sonra ölkənin kommunikasiyaları üçün vacib olan Starlink İnternet xidməti təqdim etdiyini, həmçinin SpaceX-in Rusiyanın kosmik buraxılış sahəsindəki biznesini əlindən aldığını xatırladıb.

Mask həmçinin müharibənin hər iki tərəfindəki insan itkisini dayandırmaqda maraqlı olduğunu deyib və əlavə edib ki, o, Putini devirmək cəhdinin müdrikliyini şübhə altına alır.

"Rusiyada rejimin dəyişdirilməsini istəyənlər düşünməlidirlər ki, Putini aradan götürə biləcək şəxs kimdir və bu adam sülhpərvər olacaqmı? Yəqin ki, yox", - deyən Mask, belə bir adamın çox güman ki, "Putindən də sərt" olacağını bildirib.

Cümə axşamı, fevralın 8-də ABŞ Senatı Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında yeni qanun layihəsinə baxmağa başlayıb. O, üç aydan artıq müddətə qəbul oluna bilməyən əvvəlki qanun layihəsindən onunla fərqlənir ki, o, Amerikanın Meksika ilə sərhədinin möhkəmləndirilməsi xərclərini əhatə etmir.

CNN hesab edir ki, Senatda yekun səsvermə "bir həftə ərzində" baş tutacaq. Amma bu məsələ hələ həll olunmayacaq. Senatdan sonra qanun layihəsi Konqresin aşağı palatasına - radikal Trampçı Mayk Consonun rəhbərlik etdiyi respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasına veriləcək. Qanuna görə, o, ümumiyyətlə, bu qanun layihəsini səsverməyə çıxarmağa məcbur deyil. Və əgər belə olarsa, sənədin təsdiqlənəcəyinə heç bir zəmanət yoxdur, çünki bir çox respublikaçılar qəti şəkildə Ukraynaya gələcək yardımın əleyhinədirlər.

Alpər