Ölkə 13:08 24.06.2022

Məktəblərdə dərslər hansı tarixdə başlasın? - SORĞU NƏTİCƏLƏRİ

İqtisadçı ekspert Samir Əliyev orta ümumtəhsil məktəblərində dərslərin başlanma tarixinin dəyişdirilməsi ideyasına əhalinin münasibətini öyrənmək məqsədilə apardığı sorğunun nəticələrini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, ekspert sorğuda ümumilikdə 714 nəfərin iştirak etdiyini vurğulayıb:

"Sorğu 21-23 iyun tarixlərində sosial şəbəkələr (Facebook, Linkedin, Telegram) üzərindən aparılıb. Sorğu iştirakçılarının 65%-i (448 nəfər) özünü valideyn, 4%-i tələbə (28), 7%-i (50) şagird qismində təqdim edib. Yerdə qalan 24% (172 nəfər) respondent isə digər qruplara (məsələn, valideyn deyil) aid olub. 

Növbəti suala cavab verən respondentlərin 62,7%-i (448 nəfər) dərslərin hər il sentyabr ayının 1-də başlaması ideyasını dəstəklədiklərini bildiriblər. 27,7% (198 nəfər) respondent tədris ilinin indiki kimi sentyabr ayının 15-də başlamasına üstünlük veriblər. 9% (64 nəfər) respondent isə tarixin önəm daşımadığını bildirərək əsas diqqətin təhsilin keyfiyyətinə yönəldilməli olduğunu qeyd ediblər. 0,6% (4 nəfər) respondent münasibət bildirməyib”.

Samir Əliyev deyir ki, dərslərin sentyabr ayının 1-dən başlanması ideyasını dəstəkləyənlər fikirlərini aşağıdakı səbəblərlə izah ediblər (fikirlər ümumiləşdirilib):

- İqlim dəyişikliyinə görə havalar çox istiləşib, iyun ayında xüsusilə isti hava şəraiti dərs keçməyə imkan vermir;
- Yay tətili dövrünə düşdüyündən iyun ayında faktiki olaraq dərslər keçirilmir;
- Dərslər gec başladığından şagirdlər buraxılış imtahanına qədər proqramı tam mənimsəyə bilmirlər;
- Uşaqların yay tətili müddəti qısalır və onların istirahəti payız fəslinə düşür;
- Mart ayında qəbul imtahanları bitdiyindən sonrakı dövrlər buraxılış siniflərində təhsilə maraq azalır;
- Dərslərin sentyabr ayının 1-i başlaması nastalji hisləri yaradır;

Dərslərin başlanma vaxtın indiki kimi sentyabr ayında saxlanılmasını dəstəkləyənlərin əsaslandırmaları aşağıdakı kimi olub (fikirlər ümumiləşdirilib): 

- Sentyabrın birinci yarısı hava isti olduğundan tədrisin keyfiyyəti aşağı olur;
- İbtidai sinif şagirdləri üçün sentyabrın 1-i dərsə başlamaq daha çətin olur;
- Sovet təhsli mirasından uzaqlaşmaq yollarından biridir;
- Dərslər sentyabr ayının 1-i başlayanda valideyn həm yay, həm də payız/qış geyimi almaq məcburiyyətində qalır. Ancaq dərslər ayın 15-i başayanda payız/qış geyimi almaqla kifayətlənirlər;
- Dünya praktikası və beynəlxalq təhsil standartlarına uyğunlaşmaq üçün indiki tarix saxlanılmalıdır; 
- Yay tətilindən sonra uşaqlarda məktəbə adaptasiya çətinlik yaradır. Sentyabr ayının ilk 15 günü imkan verir ki, uşaqlar məktəbə hazırlaşa billsinlər;
- Sentyabrın 15-i Azərbycan üçün önəmli günü olduğundan dərslərin həmin tarixdə başlaması məqsədəuyğundur;
- Uşaqlar artıq mövcud tarixə adaptasiya olunduqlarından tarixin dəyişməsinin mənfi fəsadları ola bilər;
- Rusiya ilə dərsə eyni vaxtda başlamaq yolverilməzdir;
- Yuxarı siniflərdə SAT ingilis dili imtahanları olur. Beynəlxalq olimpiadalar isə iyulun 20 bitir;
- Sentyabr ayının 15-nə kimi əksər kənd təsərrüfatı məhsullarının yığım vaxtı bitir. Uşaqlar həmin dövrdə ailələrinə dəstək verirlər;

Respondentlərin bir çoxu seçim etsələr də, fikir bildirmək istəməyib, "belə daha yaxşıdır” cavabı ilə kifayətləniblər.

Bundan savayı cavabların təhlili göstərir ki, bəzi respondentlər daha fərqli cavablar veriblər. Həmin cavabları diqqətinizə çatdırırıq:

- Dərslərin başlanma vaxtından asılı olamayaraq may ayının sonu bitməsi arzuolunandır;
- Dərslərin başlama vaxtı mərkəzləşdirilmiş şəkildə yox, fərdi olmalıdır. Yəni dərsin başlama vaxtını tədris ocaqlarının özləri müəyyənləşdirilməlidir;
- Dərslərin bitməsi konkret tarixlə yox, kurikulumun bitmə müddəti ilə müəyyənləşməlidir.

Ekspert vətəndaş cəmiyyəti olaraq insanların fikirlərini ictimaiyyətə çatdırdığını, qərarın isə hökumətə aid olduğunu vurğulayıb.
 
Bahar Rüstəmli