Ekonomiks 12:22 31.05.2022

Mərkəzi Bank İdarə Heyətinin 3 üzvünün səlahiyyəti başa çatıb

"Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur və İdarə Heyəti 7 nəfərdən ibarətdir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında” qərar layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Tahir Mirkişili bildirib ki, İdarə Heyətinin 4 əsas üzvündən 3-nün səlahiyyəti mart ayında başa çatıb: "Bu səhər komitə iclasında hər iki təklif olunan namizədin tələblərə uyğun olduğu görülüb. Hər iki namizəd iqtisadçıdır, hər iki namizəd bu sahədə baş verə biləcək islahatları dəstəkləmək üçün potensiala və təcrübəyə malikdir”.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası çərçivəsində son plenar iclasında "Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif edilib. Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru, Əliyar Məmmədyarov isə Mərkəzi Bankın sədrinin müşaviridir.