Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ilin maliyyə hesabatını açıqlayıb. Hesabata görə, keçən il AMB üçün heç də uğurlu il olmayıb. Belə ki, qurum 2021-ci ili 162,746 milyon manat xalis zərərlə başa vurub. Halbuki, AMB 2020-ci ili 52,485 milyon manat xalis mənfəətlə başa vurmuşdu.
Mərkəzi Bankın zərərlə işləməsinin səbəbini Qaynarinfo-ya şərh edən maliyyə-bank eksperti Əkrəm Həsənov düşünür ki, qurumun keçən ili ziyanla başa vurması elə də qəbahətli hal deyil:
"Bununla belə onun zərərlə işləməsi bir sıra səbəblərdən qaynaqlana bilər. Bu zərərə Mərkəzi Bankın keçirdiyi valyuta əməliyyatları təsir edə bilər. Bilirsiniz ki, MB öz valyuta ehtiyatlarını idarə edir və bu zaman müxtəlif valyutalardan istifadə edir. Həmin valyutaların məzənnəsinin dəyişməsinə uyğun olaraq MB qazana da, itirə də bilər. Digər tərəfdən, ola bilsin MB-nin inzibati və əmək haqqı xərclərinin çox olması da qurumun ili zərərlə başa vurmasına təsir edib. Gəlirli hissənin azlığı da prosesdə rol oynaya bilər. MB-nin əsas gəliri isə ya valyuta əməliyyatından, ya da banklara verdiyi kreditlərdən yaranır. Son illər isə MB kommersiya banklarına az kredit verir”.
Həmsöhbətimizin fikrincə, MB-nin ziyanla işləməsi onun özünə mənfi təsir göstərməyəcək:"MB həmçinin, bağlanan banklara da vaxtilə kredit verib ki, onun da bir hissəsi batıb. Deməli, MB burada da müəyyən itkilərə məruz qalıb. Amma zərərlə işləmələrinə baxmayaraq, bu proses heç bir halda MB-nin özünə mənfi təsir göstərə bilməz. Çünki MB-nin özü pul çapı ilə məşğuldur”.
Rüfət Sultan
Şərhlər