Ölkə 15:18 28.04.2022

“Metro tunelinə düşüb qaçmaq istəyən qızlar hadisəni hardasa görüblər” - Psixoloq

"Əmin olun ki, həmin bacılar bu addımı elə-belə atmayıb, hadisəni internetdə hardasa, kimdəsə görüblər. Qızlar həmin hadisəni təkrarlamağa çalışıblar”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov TikTok sosial şəbəkəsində video paylaşmaq üçün metronun "20 Yanvar” stansiyasında platformadan relslərin üzərinə tullanaraq tunel istiqamətinə qaçan qızlardan danışarkən deyib. Psixoloq hesab edir ki, ilk nöbədə hər hansı bir insanın həyatını təhlükəyə atıb fərqlənmək istəməsi normal hal deyil:
 
"İki bacı, eyni vaxtda hər ikisi həyatlarını təhlükyə atırlar. Səbəb də ondan ibarətdir ki, bacılar Tik-Tok üçün qısa video çəkəcəklər və həmin şəbəkədə olan insanlar ona baxıb münasibət bildirəcək. İlk baxışdan anormal prosesdir. Ancaq çağdaş dövrün pəncərəsindən baxanda belə hallar tez-tez baş verir. Nəinki dünənki hadisə, hansısa bir selfi və yaxud da qısametrajlı film çəkmək üçün hündürmərtəbəli binanın damına çıxıb, həyatını itirib. Bu, ortada olan bir reallıqdır. Bu, nəinki Azərbaycanda, dünyanın əksər yerlərində baş verir”.
 
Elnur Rüstəmovun fikirincə, buna oxşar hadisələr irəlidə də olacaq:
 
"Bunu tənzimləmək üçün addımlar atılmalıdır. Burada bir şey qalır, o da insanların psixi sağlamlıqlarının qeydinə qalması. İnsanların fərqlənmək istəməsi, ətrafın diqqətini cəlb eləməsi istiqamətində demək olar ki, biz hər gün rastlaşırıq. Gün ərzində onlarla hadisə olur. Məsələn, avtomobil qəzası baş verir, ona kömək etmək əvəzinə həmin anda hadisəni çəkirlər. Adam orada həyatı ilə əlləşir, ölüm-dirim mübarizə aparır, kömək etmək əvəzinə onu çəkib sosial şəbəkədə yayırlar. Burada hadisəyə qiymət vermək çətindir. Atılan addım doğru deyil”. 
 
Psixoloq bu gün hər sosial şəbəkənin özünün ayrıca kontingenti olduğunu vurğulayıb:
 
"Tik-Tok-da hansısa bir video yerləşdirərkən onlar əvvəlki paylaşımlara baxır və çalışırlar ki, paylaşımı ona uyğunlaşdırsınlar. Hadisəni tənzimləmək çətindir. Əminəm ki, Tik-Tok olmasaydı, həmin qızlar tunelə düşüb getməyəcəkdi. Çünki qızların tuneldə qaçması Facebook kontingenti üçün maraqlı deyil. Məsələ budur”.
 
Qeyd edək ki, ötən gün iki qız metronun "20 Yanvar” stansiyasında platformadan relslərin üzərinə tullanaraq tunel istiqamətində qaçmağa başlayıb. Yetkinlik yaşına çatmayan qızların iki bacı olduğu müəyyən edilib. İlkin araşdırmalara görə, qızlar tuneldə TikTok sosial şəbəkəsində paylaşmaq üçün video çəkməyi planlaşdırıblar. 
 
Bahar Rüstəmli