Dünya 03:52 01.06.2023

Moldova Dnestryanı ilə birlikdə 2030-a qədər Aİ-yə daxil olacaq - Maya Sandu

Rusiyanın vəziyyəti qarışdırmaq cəhdlərinə baxmayaraq, Moldova Dnestryanı ilə birlikdə 2030-cu ilə qədər Avropa İttiffaqına (Aİ) qoşulacaq. 

Qaynarinfo xəbər verir ki, bu fikri Moldova prezidenti Maya Sandu Bloomberg agentliyinə müsahibəsində bildirib .

Maya Sandunun sözlərinə görə, Moldova-Dnestryanı münaqişəsi iqtisadi islahatlardan sonra həll olunacaq. "Həyat səviyyəsini nə qədər tez qaldırsaq, bir o qədər tez birləşmək şansımız olacaq. Məqsədimiz 100% budur”, - o əlavə edib.

Moldova hakimiyyəti hesab edir ki, Rusiya "qeyri-sabitliyi qızışdırmaqla, Kremlyönlü siyasi qüvvələri dəstəkləməklə və islahatlara qarşı etiraz aksiyaları təşkil etməklə” ölkənin Avropa İttifaqına üzv olmaq istəklərinin qarşısını almağa çalışır. Moskva Moldovanın işlərinə qarışmaq iddialarını dəfələrlə rədd edib. Bloomberg-in məlumatına görə isə, Dnestryanıda 1000-dən çox rusiyalı hərbçi var. 

"Təəssüf ki, Rusiya hələ uzun illər qeyri-sabitlik mənbəyi olaraq qalacaq. Biz Rusiyanın ölkəmizdə sabitliyi pozmaq və güclü institutlar qurmaq, demokratik prosesləri həyata keçirmək səylərimizi sarsıtmaq cəhdlərini hiss etdik, buna görə də Aİ-yə inteqrasiya bizim üçün çox vacibdir”, - deyə Moldova prezidenti bildirib.
Xatırladaq ki, 2022-ci il martın 4-də Moldova Avropa İttifaqına üzv olmaq üçün müraciət edib. Ötən il iyunun sonunda ölkə Aİ-yə namizəd status alıb. Moldova hakimiyyəti ölkənin Avropaya inteqrasiyasını alternativsiz etmək istəyir. Aİ-yə daxil olmaq kursu Moldova konstitusiyasında təsbit edilə bilər - bu, mayın 21-də Kişinyovda çoxminliklərin iştirakı ilə keçirilən mitinqdə qəbul edilmiş qətnamədə deyilir. Moskva yönümlü siyasətçilər ölkənin Aİ-yə daxil olmasının qarşısını almağa çalışırlar.

Nizami Bağırov