Dünya 13:04 15.05.2023

Moldova MDB-dən çıxmağa hazırlaşır - İqor Qrosu açıqladı

Moldova parlamentinin sədri İqor Qrosu mayın 15-də MDB Parlamentlərarası Assambleyasının üzvlüyündən çıxmasına imkan verəcək prosedura başlayacağını və ölkənin qurumdan tam çıxması istiqamətində ilk addım olacağını bəyan edib.

Qaynarinfo xəbər verir ki, Moldovanın "Newsmaker” nəşri Qrosunun sözlərinə istinadən yazır https://newsmaker.md/rus/novosti/grosu-moldova-vyydet-iz-mezhparlamentskoy-assamblei-sng/ .

"Parlamentin sədri kimi Moldovanın MDB Parlamentlərarası Assambleyasından çıxması prosedurunun təşəbbüskarı olduğumu elan edirəm”, - Qrosu bildirib.
O əlavə edib ki, bu təşəbbüsü vətəndaşlarla, hakim partiyanın Fəaliyyət və həmrəylik (PAS) parlament fraksiyası, həmçinin prezident Maya Sandu ilə müzakirə edib.

Qrosu qeyd edib ki, o, öz təşəbbüsünü baş nazir Dorin Reçana çatdırmaq və Parlamentin Daimi bürosunun növbəti iclası üçün qanun layihəsi hazırlamaq niyyətindədir.

"MDB-nin yaradıcısı Rusiyanın Ukraynaya vəhşicəsinə hücumundan sonra bu təşkilatı artıq icma adlandırmaq olmaz. Bu, Ukraynanın çıxmasından sonra Moldovanın coğrafi cəhətdən ayrıldığı MDB-dən çıxması istiqamətində ilk addım olacaq", - spiker bildirib.

"Biz özümüzü şər, müharibə və yoxsulluq mənbəyindən ayırmağa hazırıq. 30 il ərzində biz firavanlıq, demokratiya və daha yaxşı gələcəyə can atdığımızı sübut etdik. MDB keçmiş sovet respublikalarını nəzarətdə saxlamaq üçün Rusiyanın SSRİ-nin xarabalıqları üzərində yaratdığı təşkilatdır. Biz artıq işğalçı ölkə ilə eyni danışıqlar masasına otura bilmərik”, - deyə Qrosu bildirib. 

Qeyd edək ki, Moldova hələ də MDB-nin üzvüdür, lakin aprel ayında ölkədə Müstəqil Dövlətlər Birliyi çərçivəsində bəzi müqavilələrin denonsasiyası prosesinə başlanılıb.

Fevralda o vaxt baş nazirliyə namizəd, Moldova hökumətinin hazırkı rəhbəri Dorin Reçan MDB çərçivəsində bağlanmış sazişləri denonsasiya etməyə başlayacağını vəd etmişdi.

2022-ci ilin martında Aİ-yə üzvlük üçün müraciət etdikdən sonra prezident Maya Sandu qeyd edib ki, ölkə Moldova "Avropa yolunda kifayət qədər irəliləyiş əldə etdikdən sonra” MDB-dən çıxmaq üçün zaman seçəcək.

Nizami Bağırov