Siyasət 19:15 05.05.2023

Moskva ABŞ-da son 4 gündə aparılan danışıqları gözdən salmağa çalışır - Kozlariç

Əgər Ermənistan və Azərbaycan danışıqları davam etdirsələr, o zaman bunu bu danışıqların müsbət nəticəsi hesab etmək olar. Moskva bilərəkdən Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının öz vasitəçiliyindən başqa hər hansı digər tərəfin himayəsi altında aparılmasını gözdən salmağa çalışır. 

Qaynarinfo xəbər verir ki, bunu "Amerikanın səsi” radiostansiyasına müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç deyib.
 
"Sülh sazişinin imzalanması üçün hələ də hər iki ölkədə intensiv danışıqlar və ən yüksək səviyyədə iştirak lazımdır”, - Kozlariç əlavə edib. 

Onun fikrincə, Moskva bilərəkdən Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının öz vasitəçiliyindən başqa hər hansı digər tərəfin himayəsi altında aparılmasını gözdən salmağa çalışır.

"Moskva Vaşinqtonda son dörd gündə aparılan danışıqları gözdən salmaq istəyir. Rusiyanın Ukraynadakı davranışını, davam edən müharibəni və rusiyalı hərbçilərinin əli ilə mülki itkilərin sayını nəzərə alsaq, Moskvanın hər hansı bir məsələdə vasitəçi rolunu necə öz üzərinə götürə biləcəyini təsəvvür etmək mənim üçün həqiqətən çətindir”, – səfir deyib. 

Xatırladaq ki, dünən Arlinqtonda (ABŞ) ABŞ Dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə danışıqlar başa çatıb. Tərəflər müzakirələri davam etdirməyə razı olduqlarını bildirən mesaj yayıblar.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri gələn həftəyə planlaşdırılır. Bundan əlavə, mayın ortalarında Rusiya Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə üçtərəfli görüş keçirməyə hazırlaşır.

Nizami Bağırov