Siyasət 12:45 09.12.2022

“Moskvanın bu cəhdi də nəticə verməyəcək” – Politoloq

"Bir çox əlamətlərinə görə bir-birini təkrarlayan bu kimi birliklərin hərbi sahəyə inteqrasiyası mümkün deyil”. 
 
Bunu Qaynarinfo-ya bu gün Moskvada keçiriləcək MDB və ŞƏT-ə üzv dövlətlərin müdafiə nazirlərinin görüşünü şərh edərkən politoloq Qabil Hüseynli deyib. Ekspert bildirib ki, MDB ilə ŞƏT ölkələrinin birgə hansısa bir müdafiə bloku yarada biləcəkləri inandırıcı deyil:
  
"Bu kimi ideyaların təşəbbüskarı Rusiyadır. Rusiya indi dünyada təklənib. Təklənməyin əzabını çəkdiyinə görə, müxtəlif birliklərin yaradılmasına səy göstərir. Moskvada keçirilən MDB və ŞƏT ölkələrinin müdafiə nazirlərinin görüşü də çox güman bu məqsədə xidmət edir. Amma inanmıram ki, belə görüşlər Moskva üçün hansısa bir mənfəət gətirsin. 

MDB ilə ŞƏT ölkələrinin birgə hansısa bir müdafiə bloku yarada biləcəkləri inandırıcı deyil. MDB ölkələrindən bəziləri - Qazaxıstan, Qırğızıstan, Özbəkistan həm də Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycan müşahidəçi qismində ŞƏT-də təmsil olunur. Bu səbəbdən bir çox əlamətlərinə görə bir-birini təkrarlayan bu kimi qurumların inteqrasiyası mümkün deyil, xüsusən də hərbi sahədə. Fikrrimcə, Moskvanın bu cəhdi də nəticə verməyəcək”. 

Rüfət Sultan