Bakının Nərimanov rayonu, Qarabağ küçəsinin bir qrup sakini Baku TV-nin qaynar xəttinə müraciət edərək üzləşdikləri mənzil problemi barədə məlumat veriblər.
Sakinlərin iddialarına görə, "EZ Residence" şirkəti tərəfindən sökülən binalarının yerində vəd olunan yeni mənzillər 5 il keçməsinə baxmayaraq, hələ də təhvil verilməyib.
Onlar bildiriblər ki, söküntü zamanı şirkətlə müqavilə imzalanıb və həmin ərazidə inşa olunacaq çoxmərtəbəli binadan mənzil veriləcəyi vəd edilib. Lakin ötən müddət ərzində vədlər yerinə yetirilməyib:
"Artıq 5-ci ildir, evimizi gözləyirik. Kirayə pullarını gecikmə ilə də olsa verirlər, amma biz əsas mənzilimizi istəyirik. Hər dəfə fərqli bəhanələr gətirirlər. Ən qəribəsi odur ki, satış ofisi açıblar, evləri satırlar, amma bizə gələndə "ev yoxdur" deyirlər. Tikilən mənzillər hara gedir?" , - deyə şikayətçilərdən biri vurğulayıb.
"Yaşlı adamam, nəvəmlə bir yerdə qala bilmirəm. Mən Naxçıvana gedirəm, beş gün burada qalırıq, amma vəziyyət həll olunmur", - deyə başqa bir sakin bildirib.
Məlumata görə, binanın inşasının tam başa çatmamasına səbəb bəzi sakinlərlə şirkət arasında yaranan məhkəmə çəkişməsidir. MTK-nın nümayəndəsi bildirilib ki, Qarabağ küçəsi, 39 ünvanında yaşayan bir neçə sakin onlara təklif olunan sahədən daha artıq - 200, 300, hətta 500 kvadratmetrlik sahə tələb edirlər. Hazırda iş Nərimanov Rayon Məhkəməsindədir. Dövlət tərəfindən aparılan araşdırmadan sonra qəti qərarın veriləcəyi gözlənilir.
Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə sorğu ünvanlansa da, cavab verilməyib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər