Ölkə 18:54 16.06.2023

MTN-nin daha bir generalı əsgərə çevrilə bilər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarov hərbi qulluqçu kimi pensiya almaq istəsə də, məqsədinə nail ola bilməyib. 

Qaynarinfo xəbər verir ki, ağır cinayətlərdə təqsirləndirilərək məhkum edilən Akif Çovdarovun general-mayor rütbəsi də alındığına görə o, artıq hərbi qulluqçu hesab edilmir. 

Bu fakt MTN-nin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevlə bağlı da oxşar qərarın veriləcəyi barədə qənaətləri gücləndirib. 

Məlumat üçün deyək ki, Mövlam Şıxəliyev də ağır cinayətlərdə ittiham olunaraq Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan əlavə, Mövlam Şıxəliyevin general-mayor rütbəsinin geri alınması üçün prosedurun yekunlaşdığı iddia olunur. Ötən yazıda artıq onunla bağlı təqdimatın Prezident Administrasiyasına göndərildiyini qeyd etmişdik. 

İddia olunur ki, yaxın günlərdə onunla bağlı qərar açıqlana bilər. Qərar isə təbii ki, Mövlam Şıxəliyevin xeyrinə olmayacaq. Yəni, onun də rütbəsi da Akif Çovdarovda olduğu kimi əsgər rütbəsinə endiriləcək.

İddia olunurdu ki, Mövlam Şıxəliyev ciddi-cəhdlə rütbəsini qorumağa çalışır. Bu ona pensiya üçün lazımdır. 

Hətta apellyasiya məhkəməsi bitdikdən sonra dərhal Ali Məhkəməyə kassasiya şikayət verməsi həm əmlakları, həm də rütbəsi ilə bağlı icra işini yubatmaq məqsədi daşıyır.

Seyid