Ölkə 14:34 23.06.2023

MTN polkovniki vəkillikdən uzaqlaşdırılıb?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki Yasin Məmmədov Vəkillər Kollegiyasından çıxarıldığı deyilir.

Qaynarinfo xatırladır ki, Yasin Məmmədov ötən il kollegiyaya üzv qəbul olunub. Həmin vaxt o, Bakı Hərbi Məhkəməsində Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə mühakimə olunurdu. 

Yasin Məmmədovun kollegiyaya qəbul olunması tənqid olunsa da, burada qanunsuzluq yox idi. Çünki "Vəkillik və vəkillər haqqında” Qanunun 8-ci maddəsinin II bəndində qeyd edilib ki, məhkumluğu olan şəxslər vəkillik fəaliyyəti göstərə bilməzlər. Yasin Məmmədov vəkil vəsiqəsi verilərkən isə onun barəsində hələ hökm çıxarılmamışdı.

İndi Yasin Məmmədov məhkum hesab edilir. Çünki birinci instansiya məhkəməsi onun barəsində hökm çıxarıb. O, 10 il 6 ay azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də Bakı Hərbi Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 

Apellyasiya mərhələsindən sonra məhkəmənin hökmü qanuni qüvvəyə minmiş hesab edilir. Digər tərəfdən, Yasin Məmmədovun kassasiya şikayətinin də heç bir nəticə verməyəcəyi aydındır. Bu baxımdan, onun kollegiyadan çıxarılması gözləniləndir.

Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində qurumun üzvü olan vəkillərin siyahısı yerləşdirilib. Artıq Yasin Məmmədovun adı həmin siyahıda yoxdur. 

Əldə etdiyimiz digər məlumata görə, Yasin Məmmədovun vəkillik fəaliyyəti mevəqqəti dayandırılıb. Böyük ehtimalla kassasiya şikayətindən sonra bu barədə yekun qərar veriləck.

Qeyd edək ki, Yasin Məmmədov Mərkəzi Seçki Komissiyası sədrinin keçmiş müavini Natiq Məmmədovun qardaşıdır.

Seyid