Dünya 21:48 16.05.2023

Müharibədən az əvvəl Macarıstan Ukrayna sərhədi boyunca niyə qoşun yığıb?

2022-ci ilin fevralında Macarıstan Ukraynanın qərb sərhədi boyunca qoşun yığmağa başladı, lakin bu hücum qüvvələri deyil, ayrı-ayrı xüsusi ordu hissələri idi.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın DGAP (Alman Xarici əlaqələr cəmiyyəti) analitik mərkəzində çalışan əsas macar təhlükəsizlik ekspertlərindən biri Andraş Rats "Yevropeyska pravda”ya müsahibəsində bildirib.

Qısa arayış: Andraş Rats ötən ilin əvvəlində Macarıstan hökumətinin Strateji və təhlükəsizlik araşdırmaları mərkəzində işləyib və Macarıstanın təhlükəsizlik siyasətini formalaşdıran təhlillərdə iştirak edib. İndi o, Orban hökumətinə açıq müxalifətdədir və xüsusən də hökumət dairələrində işləyərkən öyrəndikləri barədə danışa bilər.

"İndi ictimaiyyətə məlumdur ki, Putinin işğalı Macarıstan hökuməti üçün sürpriz oldu. Orban həqiqətən də Rusiyanın Ukraynaya hücum kimi ciddi, kritik səhvə yol verəcəyinə inanmırdı. Necə ki, Almaniya və ya Fransa buna inanmadı.

Bundan əlavə, Budapeşt "B planı”na, yəni az ehtimal olunan senariyə -  Rusiyanın hücumuna hazırlaşmaq qərarına gəlib. "B planı” güclü humanitar böhranın başlanacağını və Ukraynadan genişmiqyaslı qaçqın axınının başlayacağını nəzərdə tuturdu.

Ekspert deyir ki, Rusiya Federasiyasının işğalından əvvəl Ukrayna sərhədinə çəkilmiş macar qüvvələrinin tərkibi üç motivlə müəyyən edilib:

- qaçqınlara yardım;

- Macarıstan hərbi rəhbərləri hesab edirdilər ki, qeyri-real senari əsasında müharibə Ukraynanın dağılmasına səbəb olarsa, ayrı-ayrı Ukrayna bölmələri, yəqin ki, əllərində silahla, müharibədən çıxış yolu axtararaq Macarıstan sərhədini keçə bilər;

- Macarıstan Rusiyanın körpülərə mümkün hücumuna hazırlaşırdı, ona görə də sərhəd boyu pontonlar yığılmışdı.

Yeri gəlmişkən, müsahibədən sonra Rats aydınlaşdırıb ki, Ukraynanın hərbi attaşesi sərhəddə qüvvələr üzərində monitorinq aparıb, ona görə də onların tərkibi barədə məlumatlı olub.

"Ümumiyyətlə, həm müharibədən əvvəl, həm də müharibənin ilk günlərində Ukrayna tərəfi ilə çox saylı koordinasiya olub”, - ekspert əlavə edib. 

Ratsın fikrincə, Macarıstanın Ukrayna sərhədinə qoşun yığmasına baxmayaraq, bu ölkəyə hücum etmək niyyəti olmayıb.

"Vurğulamaq istəyirəm ki, o vaxt bir anlıq belə Ukraynaya mümkün hücumdan söhbət getmirdi, biz sərhədə ümumiyyətlə hücum texnikası göndərməmişik. Nə bir tank, nə artilleriya, nə də hər hansı bir hücum üçün əvəzedilməz olan sursat və təchizat logistikası yox idi”, - Rats əmin edir. 

Nizami Bağırov