Dünya 12:56 28.11.2023

"Müstəqillik müharibə demək olacaq" - Çin Tayvana xəbərdarlıq edir

Çin Tayvanla sülh yolu ilə birləşmək üçün geniş imkanlar yaratmağa hazırdır, lakin Tayvanın müstəqilliyinə yönəlmiş "separatçı fəaliyyətlərə” dözməyəcək. 

Qaynarinfo xəbər verir ki, bunu Çin Xalq Respublikasının Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin nümayəndəsi Çen Binxua deyib.

O, Tayvanın Demokratik Tərəqqi Partiyası üzvlərinin Pekinin adaya qarşı hərbi əməliyyatlar üçün "heç bir cədvəli” olmadığı barədə bəyanatlarını belə şərh edib.

Onun spzlərinə görə, Çin Tayvanın müstəqilliyinin təşviqinə yönəlmiş hərəkətlərə qarşı yumşaqlıq göstərməyəcək. Diplomat Çinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün dövlətin qeyri-dinc vasitələrdən və digər zəruri tədbirlərdən istifadə etməli olduğunu nəzərdə tutan anti-sesessiya (tərkibdən çıxmaq-red.) qanuna istinad edib.

"Mən vurğulamaq istəyirəm ki, Tayvanın müstəqilliyi müharibə demək olacaq”, deyə Çen Binxua bildirib. 

O, Tayvan bölgəsində olan insanları müstəqilliyə qarşı çıxmağa və boğazlar arası əlaqələrin dinc inkişaf yoluna qaytarılmasını təşviq etməyə çağırıb.

Çin Tayvanı öz ərazisi hesab edir və bir neçə dəfə adanın yaxınlığında hərbi təlimlər keçirib. Xüsusilə, adanın müstəqilliyini dəstəkləyən "separatçı qüvvələrə ciddi xəbərdarlıq” olaraq, avqust ayında Xalq Azadlıq Ordusu Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən böyük manevrlər təşkil edilib. Həmin ayın sonunda ABŞ administrasiyası silahların alınması üçün Tayvana 80 milyon dollar ayrılmasını təsdiqləyib. Sentyabr ayında Çin ada ilə inteqrasiyanı dərinləşdirmək planını açıqlayıb. 

Nizami Bağırov