Dünya 14:55 06.01.2023

NATO-Rusiya qarşıdurması: İki güc mərkəzi silahlı toqquşmaya gedəcəkmi?

"Müharibənin indiki fazasında NATO-nun Ukrayna savaşına birbaşa müdaxiləsi istisnadır. Amma eskalasiya dərəcəsindən və Rusiyanın nüvə silahına əl atmasından asılı olaraq, prosesə NATO-nun birbaşa müdaxiləsi də gözləniləndir”.

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Böyük Britaniya ordusunun keçmiş polkovniki Hamiş de Bretton-Qordonun 2023-cü ildə NATO-nun Ukraynadakı vəziyyətə birbaşa müdaxilə edəcəyi ilə bağlı səsləndirdiyi iddiaya münasibət bildirərkən deyib. Ekspert bildirib ki, Ukraynadakı müharibə əslində NATO ilə Rusiya arasında gedir:

"Faktoloji baxımdan təhlil etsək, gerçəkdən görərik ki, Ukraynadakı müharibə əslində NATO ilə Rusiya arasında gedir. Rusiyanin Ukraynadakı müharibəsi işğal məqsədi daşısa da, proses həm də NATO-nun şərqə doğru irəliləməsi fonunda baş verir. Moskva da NATO-nun şərqə doğru irəliləməsinə dirəniş göstərmək istəyir. NATO öz növbəsində Rusiyanı taqətdən salmağa çalışır. Bu baxımdan, müharibə NATO və Rusiya arasında gedir. Ukrayna sadəcə olaraq qurbandır. NATO hərbi, silah-sursat, hərbi planlama, mexanizmlərin hazırlanması, təlimlər və maddi yardımlar baxımından, bütün hallarda müharibədə birbaşa iştirak edir”. 
 


Həmsöhbətimiz bildirir ki, NATO hərbçilərinin birbaşa olaraq müharibədə iştirak edib-etməyəcəyi qarşıdurmanın eskalasiya dərəcəsi, Rusiyanın tətbiq edəcəyi silahların xarakteri və Qərbi nə qədər təhdid etməsindən asılı olacaq:

"Amma inanıram ki, bu baş verməyəcək. Çünki nüvə silahından istifadə son vasitəyə əl atmaq və bəşəri fəlakətə yuvarlanmaq deməkdir. Hər iki tərəf bundan yayınmağa çalışacaq”. 

Qeyd edək ki, Böyük Britaniya ordusunun keçmiş  polkovniki Hamiş de Bretton-Qordon 2023-cü ildə NATO-nun Ukraynadakı vəziyyətə birbaşa müdaxilə edəcəyini və tərəflərdən biri kimi münaqişəyə girəcəyini iddia edib.  Onun fikrincə, NATO-nun hərəkətləri Şimali Atlantika Alyansı ilə Rusiya arasında müharibənin başlamasına səbəb olacaq. 

Rüfət Sultan