Dünya 18:38 02.02.2023

NATO Ukrayna üçün silah axtarışında Şərq ölkələrinə üz tutdu

Cənubi Koreya və Yaponiya artıq Kiyevə müəyyən avadanlıq bağışlayıblar, lakin birbaşa silah ötürülməsi hüquqi və siyasi səbəblərlə məhdudlaşdırılıb. 

Keçən ilə qədər Qərbi Avropanın bir çox ölkəsi müharibə bölgələrinə silah göndərməmək kimi uzunmüddətli siyasətə malik idi. Rusiyanın Ukraynaya hücumu ilə hər şey dəyişdi.

Qaynarinfo xəbər verir ki, bu barədə "Amerikanın səsi” yazır.

Ən çox diqqət çəkən Almaniya, İsveç və Norveçin kursunun dəyişməsi oldu. 

İndi bəzi ölkələr yardım üçün Şimal-Şərqi Asiyaya üz tutur.

NATO-nun baş katibi Yens Stoltenberq bu həftə Seul və Tokioya səfərində Avropa ölkələrini nümunə kimi göstərərək Ukraynaya daha çox hərbi yardım göstərməyə çağırıb.

"Ukraynanın qəddarcasına işğalından sonra bu ölkələr öz siyasətlərini dəyişdilər, – Stoltenberq Seulda çıxışı zamanı deyib. - Əgər siz avtokratiyanın və tiraniyanın qalib gəlməsini istəmirsinizsə, onda silah lazımdır. Reallıq budur”.

Cənubi Koreya və Yaponiya artıq Ukraynaya gülləkeçirməz jiletlər və dəbilqələr də daxil olmaqla öldürücü olmayan hərbi texnika bağışlayıblar. Lakin bu ölkələrin heç biri birbaşa Ukraynaya silah göndərməyib, buna qismən də Avropanın bir çox ölkəsini dayandıran eyni hüquqi məhdudiyyətlər səbəb olub.

Nə Cənubi Koreya, nə də Yaponiya Ukrayna ilə bağlı siyasətini dəyişmək niyyətində olduqlarını bildirməyiblər. Bununla belə, Stoltenberqin şərhləri onu deməyə əsas verir ki, Qərb xüsusilə müharibənin davam etdiyi bir vaxtda onlara hərbi yardım göstərmək üçün getdikcə daha çox təzyiq göstərə bilər.

Cənubi Koreya indiyədək Ukraynanın hərbi səylərini yalnız dolayı yolla dəstəkləyib. Seul Kiyevə silah ötürmək əvəzinə, Ukrayna ordusunu təchiz edən ölkələrə Cənubi Koreya istehsalı olan silahların satışını təsdiqləyib.

Ukraynanın əsas silah tədarükçüsü olan Polşa ötən il Cənubi Koreyadan tanklar, haubitsalar və döyüş sursatları da daxil olmaqla 5,8 milyard dollar dəyərində silah almağa razılaşıb. Cənubi Koreya şirkətləri Estoniya və Norveçlə də sövdələşmələr imzalayıb və ABŞ və Kanada ilə də oxşar danışıqlar aparırlar.

"Bütün bunlar bu ölkələrin Ukraynaya göndərdiyi köhnə silahları əvəz etmək üçün istifadə olunur. Bu silahlardan bəzilərinin Ukraynaya göndəriləcəyi və ya artıq oraya yollanacağı ilə bağlı etibarlı məlumatlar var”, - London Kral Kollecinin koreyalı mütəxəssisi Ramon Paçeko Pardo bildirib.

Cənubi Koreya hakimiyyəti məsələni yumşaltsa da, birbaşa silah ötürülməsinə icazə vermək siyasətini açıqlamayıblar.

Cənubi Koreya prezidentinin ofisinin yaydığı bəyanata görə, Stoltenberqlə görüşdə Cənubi Koreya prezidenti Yun Suk Yol "beynəlxalq ictimaiyyətlə əməkdaşlıqda Ukrayna xalqına kömək etməkdə mümkün iştirakdan” bəhs edib, lakin detallara varmayıb.

Bəzi xarici media bu şərhləri Seulun mövqeyini dəyişmək istəyinin əlaməti kimi qiymətləndirib.

Bununla belə, Seulda fəaliyyət göstərən NATO diplomatı "Amerikanın səsi”nə bildirib ki, Seulun Rusiya ilə sıx iqtisadi əlaqələri və Moskvanın Şimali Koreyaya təsirini nəzərə alaraq, Cənubi Koreyanın mövqeyində tezliklə böyük dəyişikliklər gözləmir.

"Ümid edirəm ki, yanılıram”, - diplomat bildirib.

Yaponiyanın Ukraynaya silah göndərmə şansı bəlkə də daha azdır.

Yaponiya pasifist məhdudiyyətlərini yavaş-yavaş aradan qaldırsa da, onun silah ixracı qaydaları Cənubi Koreyadan daha az çevik görünür.

Bu maneələrə baxmayaraq, Yaponiya Ukraynanın ən sadiq dəstəkçilərindən birinə çevrilib. Tez bir zamanda Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşuldu, Ukraynaya və onun qonşularına bir milyard dollardan çox maliyyə və humanitar yardım göndərdi, hətta Ukraynanı, son vaxtlara qədər ağlasığmaz hesab edilən qeyri-öldürücü hərbi texnika ilə təmin etdi.

"İndi cəbhə xəttindəki Ukrayna əsgərlərinin yapon "Type 88” dəbilqələri taxdıqları və yapon pilotsuz uçuş aparatlarından istifadə etdikləri, Yaponiyanın qonşu ölkəsinin əsgərləri ilə döyüşdükləri və öldürdükləri bir vəziyyət var", - Kanda Beynəlxalq Tədqiqatlar Universitetində dərs deyən Ceffri C. Holl deyir. 

"Ancaq ukraynalılara rusiyalıları birbaşa öldürmək üçün sursat kimi alətlərin verilməsi daha mübahisəli məsələ olacaq”, - o, əlavə edib.

Nizami Bağırov