Dünya 20:48 15.05.2022

NATO Ukraynanı sona qədər dəstəkləyəcək - Rusiya Qərbələ masa arxasına keçmək istəyir

Müharibənin ilk üç ayının nəticələri göstərdi ki, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarını məğlub edə bilər.

Qaynarinfo "Sky News”a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
 
"Ukrayna bu müharibədə qalib gələ bilər. Rusiya ilkin planlarını yerinə yetirə bilmədi", deyə Alyansın baş katibi bildirib.

O, aydınlaşdırıb ki, rus qoşunları Kiyevi, Xarkovu ələ keçirə bilməyiblər və onların Donbasa hücumu da uğursuz olub.

Onun sözlərinə görə, NATO Ukraynaya hərbi yardımın həcmini artırmağa davam etməlidir. Öz ölkəsini mərdliklə müdafiə edən ukraynalılara döyüş meydanında qələbə qazanmağa kömək edilməlidir.

"Ukraynalılar vətənlərini cəsarətlə müdafiə edirlər. Bu işdə onlara kömək etmək üçün müttəfiqlər Ukraynaya milyardlarla dollarlıq təhlükəsizlik yardımı öhdəliyi götürüblər və təmin ediblər. NATO Ukraynaya güclü dəstəyini ifadə edir, müharibənin uzunmüddətli nəticələri, o cümlədən Rusiyaya qarşı gələcək mövqeyimiz üçün NATO-nun müdafiə sahəsində daha da güclənməsi və gücləndirilməsi zəruridir", deyə o, əlavə edib.
 
Bundan əvvəl Slovakiyanın xarici işlər naziri İvan Korçok bildirib ki, NATO ölkələri Ukrayna qoşunları qələbə qazanana qədər Rusiyanın təcavüzünün qarşısını almaq üçün Ukraynaya dəstək verməyə hazırdır
 
"NATO Ukrayna müharibədə qalib gələnə qədər onu dəstəkləməyə hazırdır", deyə Korçok Alyans ölkələrinin xarici işlər nazirlərinin Berlində keçirilən iclasından əvvəl deyib.
 
"NATO üzvü olan ölkələr Rusiyaya qarşı müharibədə Ukraynanı nə qədər lazımdırsa, o qədər də dəstəkləyəcəklər. Bu gün isə Şimali Atlantika Alyansı əvvəlki aktuallığını bərpa edib".

Bunu isə Almaniyanın xarici işlər naziri Annalena Berbok mətbuat açıqlamsında bildirib.
 
"Biz razıyıq ki, Ukrayna öz ölkəsinin müdafiəsi ilə məşğuldur və onun bu dəstəyə ehtiyacı olduğu müddətcə, milli səylərimizi, xüsusən də hərbi dəstək baxımından zəiflətməməliyik və zəiflətməyəcəkik də”, deyə xanım nazir bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumu transatlantik alyansın vacibliyini vurğulayır:

"NATO bir müttəfiq olaraq həmişəkindən daha aktual və vacibdir".
 
Onun sözlərinə görə, ölkələr arasında həmişə dialoq olmalıdır. Lakin Rusiya onunla təmas üçün bütün platformaları məhv edib. NATO dialoqa əsaslanan dünya nizamının tərəfdarıdır. Eyni zamanda, nazirin qeyd etdiyi kimi, sonuncu platforma ATƏT formatı olduğu üçün Rusiya ilə hələlik təmas üçün platforma yoxdur.
 
Xatırladaq ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının sözlərinə görə, Rusiya yeni böyük saziş bağlamaq üçün təkcə Ukrayna ilə deyil, Qərblə də danışıqlar masasına oturmaq istəyir. Bu danışıqların aparılması tərəflərin, o cümlədən Avropa və ABŞ-ın mövqeyindən asılı olacaq.
 
"Biz bilirik ki, Rusiya təkcə Ukrayna ilə deyil, Qərblə də danışıqlar masası arxasına əyləşib yeni böyük saziş bağlamaq istəyir. Məsələ həm Ukraynadadır, həm də Ukraynada deyil. Daha dərin strateji hesablama var. Burada düzgün tarazlığı bərpa etmədən döyüşlərə və sonda müharibəyə son qoymaq mümkün deyil”, deuə Türkiyə prezidentinin müşaviri İbrahim Kalın bildirib.
 
Onun sözlərinə görə, danışıqların şərtlərinin inkişafı üçün "bütün tərəflər, o cümlədən Avropa və ABŞ konstruktiv mövqe tutmalıdır”.

"Bunu dərk edərək, biz də avropalı və amerikalı həmkarlarımızla intensiv diplomatik səylərimizi davam etdiririk”, deyə Ərdoğanın sözçüsü bildirib.

Kalın, Ukrayna və Rusiya Federasiyası prezidentlərinin görüşməsi üçün danışıqlarda müəyyən irəliləyişin olması lazım olduğuna da diqqət çəkib:
 
"Rusiya və Ukrayna dövlət başçılarının üz-üzə görüşməsi üçün müəyyən şərtləri yerinə yetirmək və danışıqlarda müəyyən irəliləyiş əldə etmək lazımdır. İstanbul Prosesi çərçivəsində müəyyən bir yol keçilib, lakin ola bilər bu hələ kifayət deyil. Təəssüf ki, son həftələr baş verən hadisələr bu prosesə mənfi təsir etdi. Amma biz səbir və əzmlə müharibə ilə deyil, danışıqlar və dialoq yolu ilə irəliləməyə davam edəcəyik”.

Nizami Bağırov