Ölkə 16:40 17.04.2023

Nazirlər bu səhiyyə müəssisəsini sahibsiz qoyub - Pasiyentlər isə süründürülürlər!

Respublika Eşitmə, Səs və Nitq Patalogiyaları Mərkəzi ilə bağlı müəmmalı situasiya yaranıb. 

Qaynarinfo xəbər verir ki, Mərkəz hazırda Mirqasımov adına Respublika Klinik Xəstəxanasının cərrahiyyə bölməsində fəaliyyət göstərir.

Maraqlıdır ki, Mirqasımov adına Respublika Klinik Xəstəxanası TƏBİB-in tərkibində olsa da, sözügedən mərkəzdə Səhiyyə Nazirliyinin blankından istifadə edilir.
 


Səhiyyə Nazirliyindən məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, Respublika Eşitmə, Səs və Nitq Patalogiyaları Mərkəzi 2020-ci ildən nazirliyin balansından çıxarılıb. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə deyilib ki, Mərkəz özəl səhiyyə müəssisəsi kimi fəaliyyət göstərir. 

O zaman sual olunur, Respublika Eşitmə, Səs və Nitq Patalogiyaları Mərkəzi özəl müəssisədirsə, hansı səbəbdən Mirqasımov adına Respublika Klinik Xəstəxanasının cərrahiyyə bölməsində fəaliyət göstərir?

Məlumat üçün deyək ki, Səhiyyə Nazirliyinin nəzdində yaradılmış sözügedən qurum əlillik dərəcələrinin müəyyələşdirilməsi, eşitmə, səs və nitqində qüsur olan insanların müalicəsi üzrə ixtisaslaşıb. 

Lakin burada əlillik dərcələrinin müəyyənləşdirilməsi üçün dövlət xəstəxanalarından göndərilən insanlar süründürməçiliklə üzləşirlər. 

Onsuz da Azərbaycanda əlillik dərəcələrinin verilməsində hələ də vahid sistem formalaşdıra bilməyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlililliyin verilməsi üçün bu cür qurumlara "güvənir”. 

Görünən odur ki, Səhiyyə Nazirliyi ilə TƏBİB də orta məxrəcə gəlib, bu cür qurumların fəaliyyətlərini düzgün qura bilmirlər. Nəticədə əziyyət çəkən pasiyentlər, xeyir götürən isə nazirliklər olur. 

Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, TƏBİB sədri isə Vüqar Qurbanovdur.

Əhməd