Ölkə 17:27 13.12.2021

Neftçalada 5 mərtəbəli binada yanğın: Sakinlər təxliyyə edildi

Neftçalada 5 mərtəbəli binada yanğın baş verib.

Qaynarinfo-nun məlumatına görə, yanğın hadisəsi rayonun mərkəzində qeydə alınıb. Heydər Əliyev prospekti 37-də 5 mərtəbəli binanın elektrik naqillərində baş verən qısaqapanma səbəbindən binanın dam örtü yanğın baş verib. 

Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala və Salyan rayon Dövlət yanğından mühafizə hissələrinin yanğınsöndürəni hadisə yerinə cəlb olunub. Bina sakinləri isə təxliyə edilib. 

Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə barədə məlumat yayıb. Nazirlikdən  bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Neftçala şəhərində Heydər Əliyev prospekti ünvanında beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1080 m² olan dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və damda quraşdırılmış 5 ədəd plastik su çəni yanıb. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.