"Qarabağ” deyəndə Nurlan İbrahimov ağıla gələn ilk insanlardan olur. Həyatının 15 ilini məhz bu kluba həsr edən sabiq mətbuat katibi hazırda bir kənara çəkilib UEFA-nın haqqında çıxardığı ədalətsiz qərarın geri götürülməsi üçün mübarizə aparsa da, ürəyi futbolla, "Qarabağ”la döyünür. Məhz bu səbəbdən "Qarabağ”ın çempionluğundan ona da ən azı mənəvi pay düşür.
İbrahimovun da sabiq klubuna deyəcəyi sözlər var. O, Qaynarinfo-ya açıqlamasında 25-ci turda "Sabah”la heç-heçədən sonra çempionluğu rəsmiləşdirən Qurban Qurbanovun komandası haqda bunları söyləyib:
"Uzaq olsam da, çempionatı yaxından izləyirəm. 15 ilim "Qarabağ”da keçib, təbii ki, onların uğur qazanmasına sevinirəm. Yetərli sayda özümə yaxın bildiyim insanları da təbrik etmişəm. "Qarabağ”a Çempionlar Liqasında uğurlar arzulayıram. Əslində, bu, gözlənilən idi. Görünürdü ki, rahatdırlar. Avropa Liqasında mübarizəni dayandırsalar belə heyətlərinin genişliyi rahat oynamalarına imkan verdi. Ümid edirəm ki, ÇL-də uğurlu nəticələr qazanacaqlar”.
Maraqlıdır, "Qarabağ”dan ayrılandan bəri həmkarımız sabq komandasında nələr müşahidə edib və hansı dəyişikliklər görüb?:
"Açığı, o qədər də diqqətimi cəlb edəcək, təlqin olacaq qədər nəsə izləməmişəm. "Qarabağ”da hər şey rejim üzrə davam edir. Hər kəs öz işini görməyə çalışır. Bu baxımdan xüsusi, ekstravqant şəkildə nəyisə fərqləndirməzdim. İşlərini gördülər, çempion oldular. "Qarabağ”ın uğurlarının ən böyük səbəbi hər kəsin öz işini görməyə çalışmasıdır. İstisna olduğunu düşünmürəm”.
İbrahimov komandanın keçən il çempion ola bilməməsin səbəbləri haqda da öz fikirlərini ortaya qoydu:
"Neftçi”nin haqqını vermək lazımdır. Keçən il çox yaxşı formada idilər. Amma, ötən mövsüm "Neftçi” layiq idi, "Qarabağ” yox” söhbəti deyil. Şəxsi oyunlarda "Neftçi” iki dəfə qələbə qazanmışdı. Futbolun gözəlliyi budur ki, hər zaman sürprizlərlə doludur. Ötən mövsümün sonunda final kimi qarşılaşma izlədik. "Qarabağ”a 1 xal da bəs edirdi. "Neftçi” sonda qələbə qolunu vurdu və çempionluğu qazandı. Hər hansı qeyri-adi bir şey olduğunu düşünmürəm. Hətta böyük komandalar da uğursuzluq yaşayır. Ötən il yazmışdım ki, "Qarabağ”ın çempionluğu qazana bilməməsi, onlar üçün üfüqlərdə yeni çağırış olacaq. Bu da özünü doğrultdu. Komanda marta qədər avrokuboklarda çıxış etdi və rahat şəkildə də Azərbaycan çempionu oldu. Böyük komandalar səhvlərindən nəticə çıxarır, sabahı fikirləşir. "Qarabağ” da ötən mövsümdən nəticə çıxardı. Məncə, uğurların səbəbi "niyə belə oldu?” deyib dayanmaması və səhvlərdən nəticə çıxarmasıdır. Faktiki ötən mövsüm çempionluq son turda həll olunmuşdu. Bu il isə belə olmadı. Deməli, onlar bu sahədə nələrisə təkminləşdiriblər”.
O, "Komanda üzvləri və ya məşqçilərlə tez-tez ünsiyyətdə olursunuz?” sualına belə cavab verdi:
"Tez-tez olmasa da müəyyən görüşlərmiz olur. Dünən çempionluqla bağlı Asif Əsgərovu, Qurban Qurbanovu, Əmrah Çəlikəli və digər əməkdaşları təbrik etmişəm. Münasibətlərimiz yaxşıdır, problem yoxdur. İnanıram ki, avrokuboklarda uğur qazanacaqlar”.
Ağdam təmsilçisinin sabiq mətbuat katibi haqqında çıxarılan qərardan sonra mübarizəsini davam etdirir. Bu proseslə bağlı yeniliklər olub-olmadığını da soruşduq:
"Məhkəmə 4 dəfə təxirə salınıb. Son tarix kimi mayın 25-ni göstəriblər. Həmin vaxt qərar açıqlanmalıdır. Qanunla yenə təxirə sala bilərlər. Amma dünyada vəziyyət çox qarışıqdır. UEFA-nın müəyyən sanksiyaları var. Bu sanksiyalarla mənə verilən cəza uyğun gəlmir. Mən ölkəmizdə insanların öldürülməsinə sivil şəkildə reaksiya verdiyimə görə uzaqlaşdırılmışam. Halbuki bu fakt realdır, insanlarımız öldürülüb. Amma gördünüz ki, Rusiya - Ukrayna müharibəsinə görə heç bir səbəb göstərmədən rus klublarını uzaqlaşdırdılar. Bu üzdən, mənim cəzamın real olmadığını hər kəs bilir. Gözləyəcəyik görək, mayın 25-i nə olacaq. Əlbəttə, həvəsdən düşməmişəm. İlyarımdan çoxdur ki, mübarizəmi davam etdirirəm. Çoxları mənə deyir ki, bunun başını burax, yeni həyat qur. Amma razılaşmıram. Fəaliyyətimi davam etdirəcəm, haqsızlıqla mübarizə aparacağam. "Qarabağ” futbol klubunun əməkdaşı deyil, Azərbaycan vətəndaşı kimi mübarizəmi davam etdirəcəm. Ən azından təslim olmamışam. Təxirəsalmalar da göstərir ki, verilən cəzalar real deyil. Aydın məsələdir ki, cəzanı kim verdirib. Təslim olmaq fikrində deyiləm. Hüquqlarımın bərpası üçün çalışıram”.
Maraqlıdır, o, "Qarabağ”ın mətbuatla işini necə dəyərləndirir? Yəni, onun vaxtında olduğu qədər, yetərincə təbliğat varmı?:
"Jurnalistlərlə çox da ünsiyyətdə deyiləm. Əsasən klubların mətbuat katibləri ilə əvvəldən münasibətim var. Onlar arasında ailəvi dostluğumuz olan insanlar var. İllər ərzində mənə böyük dəstək göstəriblər. Təbliğat məsələsinə gəlincə, nə dərəcədə işimi doğru görüb-görmədiyim başqa mövzudur. İş varsa səhvlər də olacaq. Futbol elə bir idman növüdür ki, saatlarla müzakirə apararsan, amma ortaq məxrəcə gələ bilməzsən. Mətbuatla münasibətlərdə hər hansı problem olduğunu düşünmürəm. Uşaqlarla görüşəndə nadir hallarda daxili bazar söhbətləri edirik”.
Həmkarımız hazırda heç bir yerdə çalışmadığını, konkret təkliflər olmadığını da bildirdi:
"Əslində, futbol sahəsində çalışmağımda problem yoxdur. Sadəcə, lisenziyalı işlərdə çalışa bilmirəm. Çünki UEFA lisenziyamı qəbul etməyəcək. Ancaq, məsələn, futbol klublarında işləməyimdə heç bir problem yoxdur. Ümumiyyətlə futbol sahəsində çalışa bilməyəcəyim deyilir, bu yanlış anlaşılmadır. Müəyyən, 5-6 vəzifə var ki, məsələn mətbuat katibi, baş menecer və sair kimi fəaliyyət göstərə bilmərəm. Çünki, avrokuboklarda iştirak üçün lisenziya verilməyəcək. Futbol sahəsində digər işlərdə çalışmağıma isə UEFA hüquqi cəhətdən mane ola bilməz. "Qarabağ”dan konkret başqa təkliflər olmayıb. Yəqin görüblər ki, mübarizəmi davam etdirirəm. Münasibətlərimiz yaxşıdır. Amma təbii ki, heç kimə gedib deyə bilmərəm ki, mən işləyərəm”.
Səbuhi Həsənov
Şərhlər