Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər etmişdir.
Bu səfər 16 sentyabr 2024-cü il tarixində Odlar Yurdu Universiteti ilə Çin Xalq Respublikasının Liaoning əyalətində yerləşən "Müasir servislər üçün peşə texniki təhsil müəssisəsi” arasında imzalanmış əməkdaşlıq memorandumunun icrasına xidmət etmişdir.
Səfər çərçivəsində Çin ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri geniş müzakirə olunmuş, gələcək birgə təşəbbüslərə dair ilkin razılaşmalar əldə edilmişdir. Əsas məqamlardan biri isə Çin tərəfinin təşəbbüsü ilə yaradılmış "Mozi Emalatxanası”nın rəsmi açılış mərasimi olmuşdur. Tədbirdə ev sahibi təhsil müəssisəsinin Partiya Komitəsinin katibi Van Bin, rəhbər şəxslər, universitet nümayəndələri və digər rəsmi qonaqlar iştirak etmişlər.
Qeyd edək ki, "Mozi Emalatxanası” elmi yaradıcılığın, peşə təliminin və innovasiyaların təşviqi üçün nəzərdə tutulmuş beynəlxalq platformadır və bu emalatxana Odlar Yurdu Universiteti ilə Çin təhsil müəssisəsinin birgə təşkilatçılığı ilə yaradılmışdır.
Çıxışlar zamanı vurğulanmışdır ki, Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və tələbələri Çin-Azərbaycan qarşılıqlı vizasız gediş-gəliş rejimindən yararlanan ilk nümayəndələrdəndir.
Universitet nümayəndələrinin "Mozi Emalatxanası” layihəsinə göstərdiyi fəallıq və maraq xüsusi qeyd olunmuşdur. Bildirilmişdir ki, 2025-ci ildə keçiriləcək Dünya Peşə Təhsili Yarışlarının Liaoning mərhələsində "Mozi Emalatxanası” layihəsinin tərəfdaşı olan 19 ali təhsil müəssisəsi 42 sahə üzrə iştirak edəcək. Bu kontekstdə Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və tələbələri artıq elektron ticarət sahəsi üzrə Çinli həmkarları ilə birgə beynəlxalq komanda formalaşdıraraq layihə hazırlığı, bacarıq təlimləri, istedad nümayişləri və video çəkilişlərində fəal iştirak etmişlər. Bu fakt universitetin əməkdaşlığa olan səmimi və peşəkar yanaşmasının bariz nümunəsi kimi dəyərləndirilmişdir.
Tədbirdə çıxış edən Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarov universitet heyəti adından iştirakçıları salamlayaraq, ilk olaraq Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin səmimi salamlarını tədbir iştirakçılarına çatdırmışdır. Çıxış zamanı cari ilin aprel ayının 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə rəsmi səfəri çərçivəsində iki ölkə arasında "Hərtərəfli strateji əməkdaşlıq” haqqında sazişin imzalanmasını və bunun nəticəsi olaraq bir azərbaycanlı olaraq OYU əməkdaşlarının Çinə ilk vizasız səfər edən yolçu olmaqlarını önəmlə vurğuladı.
O, iki ölkə arasında strateji əməkdaşlığın təhsil sahəsində də öz əksini tapmasından məmnunluğunu ifadə etmiş və "Mozi Emalatxanası” layihəsinin yalnız təhsil və sənaye arasında körpü rolunu oynamadığını, həm də tələbələrin birgə öyrənmə və innovasiya imkanlarını genişləndirdiyini qeyd etmişdir.
Odlar Yurdu Universitetinin nümayəndə heyətinə Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor, dosent Qabil Qafarov rəhbərlik etmişdir. Heyətdə, eyni zamanda, Startap və inkubasiya mərkəzinin rəhbəri Rəvanə Göyüşlü və universitetin üç tələbəsi də təmsil olunmuşdur. Görüşdə Azərbaycan tərəfindən Çin-Azərbaycan sahibkarları arasında əlaqələndirici qismində sahibkar Asəf Tağıyev də iştirak etmişdir.
Səfər çərçivəsində tərəflər arasında xatirə hədiyyələri və rəmzi suvenirlərin mübadiləsi baş tutmuş, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
Səfərin sonunda Odlar Yurdu Universiteti ilə Çin Xalq Respublikasının nüfuzlu ali təhsil müəssisəsi arasında rəsmi əməkdaşlıq memorandumu imzalanmışdır. Bu sənədin əsas məqsədi "Mozi Emalatxanası”nın birgə təşəbbüs əsasında yaradılması və onun platforması vasitəsilə təhsil, elmi tədqiqat, innovasiya və startap sahələrində əməkdaşlığın inkişaf etdirilməsidir.
Tərəflər arasında razılaşdırılmış bu layihə yalnız akademik və sənaye əməkdaşlığını deyil, həm də tələbə və gənc tədqiqatçıların qarşılıqlı öyrənməsi, eləcə də innovativ təşəbbüslərə töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq gələcək nəsil mütəxəssislərin yetişdirilməsində və beynəlxalq elmi əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır.
Qeyd edək ki, "Mozi Emalatxanası” dünyanın müxtəlif ali təhsil müəssisələri ilə Çinin xüsusi seçilmiş təhsil müəssisələri arasında qurulması nəzərdə tutulan beynəlxalq əməkdaşlıq mərkəzləridir. Layihənin müddəti 3 il olmaqla, ümumilikdə 19 belə mərkəzin yaradılması planlaşdırılmışdır.
Odlar Yurdu Universiteti beynəlxalq əməkdaşlıqları genişləndirməklə tələbə və müəllim heyəti üçün yeni imkanlar yaratmağa, eyni zamanda Azərbaycan təhsilinin beynəlxalq aləmdə nüfuzunun artırılmasına töhfə verməyə davam edir. Çin Xalq Respublikasına baş tutmuş bu səfər universitetin strateji inkişaf kursunun əhəmiyyətli mərhələlərindən biri kimi qiymətləndirilir.
Şərhlər