Xəbər lenti

Ölkənin son iki problemi də belə həll edildi...
Amal Abuşov
İdman 10:45 07.12.2025

Ölkənin son iki problemi də belə həll edildi...

Dünən şənbə günü idi. Axşama qədər bir çox problemin, iş-gücün arxasınca qaçıb, onları bitirməyə çalışdım. Daha sonra dərindən bir nəfəs aldım, özümə isti çay süzdüm. Çaydan qurtumlaya-qurtumlaya başladım ölkənin gündəmi ilə maraqlanmağa. Adətim üzrə sosial şəbəkələrə də göz gəzdirdim. Bu an yerli televiziyaların birinin "feysbuk” səhifəsindəki paylaşıma gözüm sataşdı...

Bəli, çox sevindirici xəbər haqqında süjet hazırlanmışdı. Xəbərdə qeyd olunurdu ki, yeni qanun qəbul ediləcək. Həmin qanunun qəbulundan sonra həyətində, özünə məxsus torpaq sahəsində kənd təsərrüfatı təyinatlı tikili inşa etmək istəyənlər yerli icra hakimiyyətlərindən icazə almalı olacaqlar. Məlum məsələdir ki, söhbət toyuq hindindən, qoyun-keçi və mal-qara üçün damlardan gedir. Xeyli maraqlı qanun layihəsidir. Diqqətlə izlədim, qanun barədə danışan ekspertlə millət vəkili söz yığınından başqa heç nə demədilər. Bu qanunun qəbulunun hansı zərurətdən doğduğunu, icra hakimiyyətinin nümayəndələrinin hansı meyarlar əsasından icazə verib-verməyəcəyini dilə gətirmədilər.

Belə yerdə adamın ağlına min cür fikir gəlir. Fantaziyalarını işə salıb, gözünün önünə gətirirsən. İcra hakimiyyətinin başçısı, yaxud da kəndlərdəki nümayəndələri fermerlərin həyətinə gələcək, ordakı toyuq-cücədən, yaxud da inəklərdən soruşacaqlar ki, necə bir hin, yaxud da dam istəyirlər. Toyuqlar və inəklər də şəraitlə bağlı müzakirələr aparacaq, tələblərini irəli sürəcəklər. Deyəcəklər ki, hindəki işıq hava qaralanda yanmalı, toyuqlar hinə çıxanda öz-özünə sönməlidir. İnəklərin yatacağı daş tikilinin üstü izoliyasiya olunmalı, split prinsipi ilə işləyən kondisanerlərin sayı kvadratmetrə uyğunlaşdırılmalıdır. Ümid edirəm ki, yerli məmurlar da əhalinin problemlərinin həllinə nail olub, keçəcəklər toyuqların və iribuynuzla heyvanlarla qoyun-keçilərin problemlərinə diqqət ayırmağa.

Sevindirici xəbər təkcə toyuq hini və mal damı ilə bağlı deyildi. Yeni qanun həyətlərində kanalizasiya quyuları, el arasında "şambo” deyilən yerləri qazmaq istəyənlər üçün də qaydalar müəyyən edir. Artıq bu cür məsələlərlə bağlı də müvafiq icazələr almaq lazım olacaq. Daha ürəyin istəyən yerdə quyu qazıb, kanalizasiya suyunun üstünü örtə bilməzsən. Qanun varsa, əməl etməliyik. Vəssalam.

Bu iki sevindirici xəbərlə tanış olub, əhvalım yetərincə yüksəlmişdi ki, qarşıma futbolla bağlı bir video çıxdı. Çox dəyərli həmkarım Süleyman Vəliyev çalışdığı telekanaldakı verlişdən öz çıxışının bir hissəsini paylaşmışdı. İngilis dilindən sitat, dünya futbolundan nümunə gətirməklə isbat etməyə çalışırdı ki, klubların milli komanda üçün futbolçu yetişdirmək kimi öhdəçiliyi yoxdur. Onlar əcnəbi məşqçilərə və futbolçulara böyük pullar verib, imkanlar yaratmaqla öz mənafelərini düşünürlər. Bir növ biznes layihəsi kimi. Heç kim onlardan milliyə futbolçu yetişdirmək öhdəçiliyi irəli sürməməlidi. Süleyman bəy hətta bu tələbi "arxaizm” adlandırdı. 

Bəli, dostumuz düzgün qeyd edir. Avropanın bir çox tanınmış klubları biznes layihəsi kimi işləyir, onlar öz ölkələrinin futbolunu düşünmürlər. Amma bizim klubları onlarla müqayisə etmək üçün haqqımız varmı? Avropanın harasında həmin klublar dövlətdən pul alırlar? Heç yerində! Nə "Barselona” ilə "Real”a İspaniya hökuməti pul verir, nə də "Çelsi”yə İngiltərənin büdcəsindən yardım ayırırlar. Heç Niderlanda da "Ayaks” üçün dövlət büdcəsindən yardım nəzərdə tutulmayıb. Əksinə, klublar böyük vergi ödəyicisidirlər, ölkələrinə xidmət göstərirlər. Bizdə isə əksinədir. Klubların min üsulla vergilərdən yayınmasını, müqavilələrin gizli saxlanılmasını demirəm. Hər il dövlət büdcəsindən rəsmi şəkildə az qala 100 milyona yaxın pul AFFA-ya, ordan da klubların büdcəsinə "axıdılır”. Bunu ona görə edirlər ki, Azərbaycan futbolu inkişaf etsin, azərbaycanlı balalarının futbolla məşğul olması üçün şərait yaratsınlar. Onlar isə bunu etmir, milyonlar De Byazinin, Abubakarın, İliçin, Piriçin və digərlərinin bank hesablarına gedir.

Bəli, yetərincə qəliz və mübahisəli mövzudur. Amma belə şeylərdən ötrü qanımızı qaraltmayaq. Əsas odur ki, bundan sonra ölkədə toyuq hini və "şambo” tikmək üçün rəsmi icazə almaq lazım olacaq. İki ciddi problem həll edilib, qalır futbol. İnşallah, o da olacaq!
 
Amal Abuşov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->