Xəbər lenti

Öz ölkələrini qoruya bilməyən KTMT orduları Ukraynaya yerləşə bilərmi?
Dünya 16:19 07.06.2022

Öz ölkələrini qoruya bilməyən KTMT orduları Ukraynaya yerləşə bilərmi?

Rusiya mətbuatının yazdığına görə, Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunlarının Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərinə gətirilməsinin mümkünlüyü barədə danışarkən, bunun baş verəcəyini istisna etməyib.

Kartapolovun sözlərinə görə, Ukraynanın işğal olunmuş ərazilərində, o cümlədən Donetsk və Luqansk vilayətlərində KTMT ölkələrindən olan "sülhməramlılara” tələbatın olacağını istisna etmək olmaz.

Qeyd edək ki, indiki halda Rusiya Ukrayna ilə təkbətək vuruşur. KTMT ölkələrindən heç biri açıq şəkildə Rusiyanın Ukrayna savaşına qoşulmayıb. Yalnız Belarus hərbi əməliyyatlarda iştirak etməsə də, bu və ya digər şəkildə Moskvaya dəstək verir. Digər KTMT ölkələri isə proses barədə ya susmağa üstünlük verir, ya da açıq şəkildə Rusiyanı dəstəkləmədiklərini bildirirlər. 

Kartapolovun açıqlaması belə qənaətə gəlməyə əsas verir ki, Rusiya Ukraynada işğal etdiyi ərazilərin "qorunmasında” təkbaşına iştirak etmək deyil, sülhməramlı adı ilə KTMT qüvvələrini də cəlb etmək niyyətindədir. Yəni prosesin gedişində gələcəkdə sülhməramlı qüvvələrin yerləşməsinə ehtiyac yaranarsa, Rusiya bu müstəvidə üstünlüyü KTMT-yə verəcək. Moskvada, çox güman, düşünürlər ki, gələcəkdə atəşkəsin elan edilməsilə işğal etdikləri ərazilərlə Ukraynanın digər hissəsi arasında sülhməramlılar yerləşdirilə bilər. Bu sülhməramlıların KTMT-dən olması isə Moskvanın maraqlarına cavab verir - gələcəkdə münaqişənin yenidən alovlanacağı təqdirdə, KTMT-yə üzv ölkələrin də Rusiyanın tərkibində müharibəyə qoşulması üçün. 

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Taleh Əliyev düşünür ki, verilən təklif Rusiya tərəfinin Ukrayna müharibəsinə yeni mahiyyət, məzmun qazandırmağa hesablanıb. Bununla görüntü yaratmaq istəyirlər ki, Rusiya dünya ilə deyil, dünyanın bir qütbü digər qütbü ilə müharibə ərəfəsindədir:

"Ukrayna müharibəsilə Rusiya gözləmədiyi bir səviyyədə təklənmiş duruma düşüb. Nəticədə bu ölkə dünyanın iqtisadi, siyasi sanksiyaları ilə üz-üzə qalıb. Ona görə də mövcud vəziyyətdə Rusiya çalışır ki, Ukraynada cərəyan edən prosesi özünün kollektiv Qərblə apardığı müharibəsi kimi deyil, Rusiya və onun müttəfiqlərinin Qərblə aralarında baş verən geosiyasi mübarizə kimi təqdim etsin. Moskva münaqişəni məhz bu müstəviyə qaldırmağa çalışır. KTMT yalnız Rusiyanın dominantlığından ibarət təşkilatdır. Ora üzv olan digər dövlətlərin orduları isə heç öz ölkələrin təhlükəsizliyinə təminat verəcək qədər müasir və modern deyil”.

Həmsöhbətimizə görə, KTMT qüvvələrinin Ukraynaya getməsilə də situasiyada heç bir dəyişiklik olmayacaq:

"Əksinə, Rusiya bu ölkələrin ordularının Ukrayna ərazisində saxlanma xərclərini də öz üzərinə götürmək məcburiyyətində qalacaq”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->