Dünya 12:40 18.09.2022

Orban Rusiyanı müdafiə edəcək: Avropa İttifaqı bu tarixədək dağılacaq

Macarıstanın baş naziri Viktor Orban Ketçe qəsəbəsində tərəfdarları ilə qapalı iclasda Rusiyayönlü çıxış edib və Avropa Birliyinin tezliklə dağılacağını bəyan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq” radiosu məlumat yayıb.

Xüsusilə Orban Aİ-nin Rusiyaya qarşı sanksiyalarının bundan sonra uzadılmasına qarşı çıxacağını bildirib. O, Rusiya Federasiyasına qarşı sanksiyalarla bağlı öz fikrində tək olduğunu, lakin İtaliyada hakimiyyət dəyişikliyinə ümid etdiyini bildirib.

Orban deyib ki, Aİ sanksiyalar tətbiq etməklə öz "ayağına güllə vurur”. Macarıstan rəhbəri hesab edir ki, bu qış Avropada "sənayenin 40%-ə qədəri dayanacaq”.

Macarıstanın baş naziri vurğulayıb ki, "Avropada qitənin maraqlarını tanıyan, ona uyğun hərəkət edən və başqalarını buna inandıra bilən lider yoxdur”. Orban hesab edir ki, belə bir lider Angela Merkel olub.

O, hesab edir ki, 2030-cu ilə qədər Avropa İttifaqı dağılacaq və Fransa əhalisinin əksəriyyətini "müsəlman miqrantlar” təşkil edəcək.

Orban Rusiyanın Ukraynaya qarşı müharibəsi mövzusuna da toxunub. Baş nazir hesab edir ki, "müharibə lokal xarakter daşıyacaqdı, lakin Qərb müdaxilə etdi”. 

Obran hesab edir ki, müharibə "2030-cu ilə qədər davam edəcək və Ukrayna nəticədə öz ərazilərinin üçdə birini və ya yarısını itirəcək”.

Nizami Bağırov