"AzParking” mobil tətbiqində təqdim olunan "Digər” bölməsi istifadəçilərə küçə parklanmasına alternativ olaraq xüsusi parklanma ərazilərində də ödəniş imkanı yaradır. Bu parklanma əraziləri hüquqi statusu, idarəetmə modeli və funksional imkanlarına görə küçə parklanmasından fərqlənir.
Demokrat.az xəbər verir ki, xüsusi parklanma əraziləri əsasən ticarət mərkəzləri, biznes plazalar, yaşayış kompleksləri, klinikalar və digər özəl müəssisələrin ərazisində təşkil olunur. Bu parkinqlərin idarə olunması birbaşa həmin müəssisənin özəl operatoru və ya tərəfdaş parkinq şirkətləri tərəfindən həyata keçirilir. Küçə parklanması isə Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilir və Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar əsasında idarə olunur.
Xüsusi parklanma ərazilərində tariflər müəssisənin daxili qaydalarına uyğun olaraq müəyyən edilir. Küçə parklanmasında isə nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş zonalara uyğun olaraq müəyyən edilir və "AzParking” mobil tətbiqinin "Parkinq” bölməsində əks olunur.
Beləliklə, "AzParking” mobil tətbiqi parklanma ərazilərini vahid platformada birləşdirərək bir mənbədən ödəniş imkanı yaradır. Onu da qeyd edək ki, xüsusi parklanma ərazilərində ödənişlə bağlı hər hansı bir sual ilə üzləşdikdə birbaşa həmin parkinqin səlahiyyətli şəxslərinə müraciət edilməlidir.
Şərhlər