Dünya 17:35 01.09.2022

Parol: "Nənə öldü" - II Dünya savaşını başlayan Hitlerin hücum bəhanəsi…

1939-cu ilin avqustun 31-də saat 16:00-da artıq üç həftədir Qlayvits şəhərindəki (1939-cu ildə Almaniyaya məxsus olan, hazırda Qlivits kimi tanınan Polşanın cənubunda yerləşən şəhər - red.) dəbdəbəli "Haus Oberschlesien” otelində yaşayan SS şturmbanfürer Alfred Nauyoksun otağında telefon zəngi çalındı… 

O, telefonu götürdü və yüksək bir səs eşitdi: "Dərhal mənə zəng edin!" Nauyoks dərhal Gestapo rəisi Reynhard Heydrixin adyutantının nömrəsini yığdı. Telefonda "Nənə öldü" parolu gəldi. Bu o demək idi ki, saat 20:00-da Nauyoks və adamları yerli radiostansiyanı ələ keçirməli idilər.

Şturmbannfürer artıq avqustun 10-dan Almaniya-Polşa sərhədində yerləşən Qlayvitsə gəlib. Burada "Haus Oberschlesien” hoteli müvəqqəti olaraq Üçüncü Reyxin Gestaposunun qərargahına çevrilmişdi. Reynhard Heydrix də özü buraya köçüb və yaxınlıqda yerləşən şəhərlərdən öz departamentinin regional rəhbərlərini yanına çağırıb.

"Fürerə müharibə üçün səbəb lazımdır", - deyən Heydrix tabeliyində olanlara Qlayvitsə səfərlərinin məqsədini izah edib. Söhbət Polşanın işğalından gedirdi. 

Gestapo rəisi həmkarlarına ötən il Çexoslovakiya ilə sərhəddə təxribatlar üçün hazırladığı planı təqdim edib. Senari orijinal deyildi - dünyanın bir çox kəşfiyyat orqanları şərti olaraq "yalançı bayraqlar" kimi tanınan bu hərəkətdən istifadə ediblər: düşmən geyimində və ya mülki geyimdə olan təcavüzkar ölkənin ordusunun diversantları öz ərazilərinə hücum təşkil edirlər. Buna cavab olaraq "hücuma məruz qalan" tərəf qisas kimi işğala başlayır.

Heydrix əməliyyatın fərrüatlarını açıqladı. Bundan sonra yaxınlıqdakı Oppeln şəhərinin Gestapo rəisi Emanuel Şefer qeyd edir ki, bunun saxta olduğu dərhal nəzərə çarpacaq. "Tanklar hərəkətə keçəndən sonra heç kim bunu xatırlamayacaq", - deyə Heydrix Şeferin üstünə qışqırıb. Əməliyyatın məqsədi alman qəzetlərindəki qəzəbli qeydləri qidalandırmaqdır: onlar Reyx əhalisinə müharibənin səbəbini izah edəcək, eyni zamanda İngiltərə və Fransaya ilk hücum edənin Almaniya olmadığını göstərəcəklər.

Qlayvitsdə təxribat əməliyyatı planlaşdırılarkən, həmin günlərdə, Moskva və Berlin hücum etməmək haqqında paktı - tarixin ən qanlı müharibəsinə yol açan Molotov-Ribbentrop paktını imzalamağa hazırlaşırdılar.

Almanlar Reyxin xüsusi xidmət orqanlarının Polşa hərbi forması geyinmiş əsgərlərinin iştirakı ilə eyni anda bir neçə silahlı təxribat hazırlayırdılar. Alman tarixçisi Haynts Gene iddia edirdi ki, Moskva ilə müqavilə imzalanan gün Hitler "Polşa hücumu" əməliyyatını həyata keçirmək üçün Vermaxtın bir neçə bölüyünü Polşa sərhədinə göndərməyə hazır idi. Fürerin əhatəsində olan gileylənirdilər ki, Reyxin lideri qətiyyətli olanda elementar məxfiliyə məhəl qoymur.

Avqustun ortalarında Hitlerin əmri ilə Gestapo Vermaxtın gizli anbarlarına girişi açıb. Bu barədə danışan Gene Abver departament qrupunun gündəliyindəki 17 avqust 1939-cu il tarixli qeydə istinad edib.

Hitler Abverin başçısı admiral Vilhelm Kanarisə 250 dəst Polşa hərbi forması verməyi tapşırıb. Onları Polşa silahları və əsgər kitabçaları ilə birlikdə Berlinin şimalındakı Bernau şəhərinə gətiriblər. Orada, SS bazasında "Polşa qoşunlarının hücumunun" gecə məşqləri keçirilirdi.

Əvvəlcə Hitler Moskva ilə müqavilə imzalanandan üç gün sonra, avqustun 26-da Polşaya hücum etməyi planlaşdırırdı. Lakin fürerin "polyakların almanlara hücumu"ndan bəhs etdiyi çıxışının mətni ABŞ-ın "Associated Press” agentliyinin Berlindəki bürosunun rəhbəri Luis Loxnerin əlinə keçib. O da öz növbəsində bu sənədi Britaniya səfirliyinə təhvil verib.

Avqustun 25-də axşam Londondan xəbər gəldi: Böyük Britaniya ilə Polşa arasında qarşılıqlı yardım müqaviləsi bağlandı. Varşava üç ay əvvəl isə Parislə oxşar ittifaq imzalamışdı.

"Hər şeyi ləğv edin! Təcili Brauxiçi çağırın! - Bundan xəbər tutan Hitler Baş Qərargah rəisi Vilhelm Keytelin üzərinə qışqırıb. - Mənə danışıqlar aparmaq üçün vaxt lazımdır".

Beləliklə, Polşa ilə qarşıdurma yaratmaq üçün ilk cəhd uğursuz oldu. Lakin Nauyoks tərəfindən həyata keçirilən plan uğurla başa çatdı. 

Onun komandasına beş agent və bir tərcüməçi daxil idi. Onlar artıq bilirdilər ki, məhz onlar "yalançı bayraqlardan” birini qaldıracaqlar – Qlayvits yaxınlığındakı radio qülləsini bir neçə dəqiqəlik tutmaq və dinləyicilərə polyak dilində nə isə söyləmək lazım idi, efirdə isə əsl döyüş səsləri eşidilməli idi. 

Bununla belə, polyakların "cinayətlərinin” foto sübutlarına da ehtiyac yaranmışdı. "Polşa hücumunun bu cür mötəbər sübutu təkcə xarici mətbuat üçün deyil, həm də Almaniya təbliğatı üçün lazımdır", - Heydrix bildirib. Bir sözlə, əsl meyitlər lazım idi. Gestapo rəisi bu vəzifəni gələcək varisi Henrix Müllerə həvalə etdi. Sonuncunun əmri ilə Zaksenhauzen konsentrasiya düşərgəsində bir neçə məhbus zəhərli iynələrlə öldürüldü.

Az qalmışdı bu əməliyyat da uğursuza düçar olsun. Nauyoksun komandası qüllənin ətəyindəki generatoru olan iki tikilini asanlıqla ələ keçirdi. Lakin məlum oldu ki, yayım üçün mikrofonları olan qurğular tutulan obyektlərdən dörd kilometr aralıda yerləşir. Müllerin cəsədlərlə dolu olan yük maşınları isə demək olar ki, yerində idi. 

Qüllə gözətçisi ölümdən qorxaraq digər mikrofonunun yerini göstərdi, onun vasitəsilə radiostansiya adətən fırtına yaxınlaşdıqda pis hava şəraiti haqqında dinləyicilərə məlumat verilirdi. "Polşa terrorçuları"nın hazırlanmış mətni Nauyoksın əlində idi və bir neçə dəqiqədən sonra bölgədəki minlərlə alman radiodan atışma və polyak dilində qışqırıqlar eşitdi.

Tamaşa cəmi dörd dəqiqə davam etdi. Baxmayaraq ki, mənalı mətn əvəzinə mikrofona yalnız bu ifadə deyildi: "Diqqət, Qlayvits! Radio stansiyası polyakların əlindədir”.

Oxşar hücum stansiyadan bir qədər aralı olan gömrük-keçid məntəqəsində də baş verdi. Orada "terrorçular” yerdə "polyakların” meyitlərini görüblər. SS zabiti Qrzimek sonralar belə xatırlayırdı: "Əyilib, Polşa hərbi geyimli bir neçə nəfərin yerdə hərəkətsiz uzandığını gördüm... Onların hamısının başları qırxılmışdı. Düşündüm ki, bu, bizim yoldaşlarımızdan biridir. Amma cəsədlərdən birini qaldırmağa çalışdım və anladım ki, mən donmuş meyitlə əlləşirəm”.

Cəmi bir neçə saat sonra, sentyabrın 1-i saat 04:45-də Almaniya-Polşa sərhədinin bütün perimetri boyunca Vermaxt qoşunları şərqə doğru hərəkətə keçdi. 

Lüftvaffe təyyarələri artıq Varşavanı bombalayırdı və nasistlərin partiya qəzeti olan "Völkischer Beobachter” "Polşa üsyançıları Almaniya sərhədini keçdi” başlığı ilə çıxdı. Məlumat verilirdi ki, Qlayvitsdəki dəhşətli cinayət "görünür, Polşa partizanlarının Almaniya ərazisinə hücumunun başlanğıcı üçün siqnal idi”. Almaniyanın digər qəzetləri də bu xəbəri tirajlamağa başladı. 

Sentyabrın 1-də Reyxstaqda çıxış edən Hitler bildirdi ki, dünən gecə sərhəddə üç böyük toqquşma da daxil olmaqla 14 toqquşma baş verib. Ribbentrop Fransa səfirinə məlumat verdi ki, Polşa ordusu üç yerdə imperiya sərhədini keçib. "Müharibə polyakların Qlayvitsdəki radiostansiyaya hücumu səbəbindən başladı", - Hitlerin artıq öz varisi adlandırdığı Herman Gerinq İsveç səfiri Birger Dahlerusa deyib. 
Nuayoks müharibədən sağ çıxa bilib. O, 1944-cü ilin oktyabrında amerikalılar tərəfindən əsir götürülüb və Nürnberq məhkəmələrində Qlayvitsdəki xüsusi əməliyyat haqqında ətraflı danışıb. Ancaq əməliyyatın birbaşa təşkilatçıları yox idi. Heydrix 1942-ci ildə Praqada bomba partlaması nəticəsində ölmüş, Müller isə müharibənin son günlərində izsiz yoxa çıxmışdı.

Təxribatın təfərrüatlarının bütün qəzetlərdə demək olar ki, dəqiqə-dəqiqə işıqlandırılmasına baxmayaraq, Hitlerin pərəstişkarlarının çoxu uzun müddət əmin idilər ki, 1939-cu ildə polyaklar özlərini çox pis aparıblar, ona görə də sentyabrın 1-də Reyxdən "ədalətli cavab” mütləq lazım idi. Bu barədə Almaniyada müharibədən sonrakı cəmiyyətin vəziyyətini araşdıran britaniyalı psixiatr Henri Diks məlumat verib.

Hətta Polşa təxribatının ifşası belə nasist təbliğatının dağıdılmasına kömək etmirdi. 

Nizami Bağırov
 
Mənbə: https://nv.ua