Siyasət 14:55 27.04.2023

Paşinyan Avropa İttifaqından nə istəyib?

"Paşinyanın Şarl Mişellə telefon danışığı Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Nikolun aqoniyaya düşməsinin nəticəsidir və bu reallığı pozmaq üçün dəstək almağa hesablanmış addımdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Ermənistan baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə telefon danışığını şərh edərkən deyib.

Ekspert bildirib ki, Azərbaycanın atdığı son addımları fonunda yaranan yeni reallıqlar Ermənistanda ciddi narahatlıq yaradıb:

"Bu hadisədən sonra Ermənistanda Paşinyana qarşı ictimai təzyiqlər bir qədər də artıb. Bu fonda Paşinyan həm ictimai təzyiqlərdən qorunmaq, həm də yeni reallıqların yaratdığı vəziyyətdən çıxmaq üçün yol arayır. Onun nəticəsidir ki, son zamanlar Paşinyan Rusiya və Qərb ölkələrilə daha çox təmaslar qurmağa çalışaraq, onlardan imdad diləyir. Ona elə gəlir ki, Azərbaycanın yaratdığı yeni reallığa qarşı həmin qüvvələrdən sipər kimi istifadə edə bilər”. 
 


Üzeyir Şəfiyev qeyd edib ki, Azərbaycanın atdığı addım onun suveren hüququ olduğundan, Qərb ölkələri həmin məsələdə ölkəmizə qarşı sərt çıxış imkanına malik deyil:
 
"Paşinyan Şarl Mişel və digər Avropa təmsilçilərilə təmas qurmaqla Qərb ölkələrinin regionda yaranmış yeni reallığı əvvəlki vəziyyətə gətirəcəklərinə və yaxud sərhəddəki Avropa missiyasının aktiv hərəkətlənməsinə, Qarabağ iqtisadi rayonunda beynəlxalq mexanizmin yaradılmasına ümidlənir. Halbuki Azərbaycanın razılığı olmadan ölkəmizin ərazisində hansısa bir beynəlxalq mexanizmin olması imkansızdır. Azərbaycan buna imkan verməyəcək. Qısa zamanda Azərbaycan Qarabağdakı separatçı qondarma tör-töküntüləri də zərərsizləşdirəcək”. 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında telefon danışığı baş tutub. Məlumata görə, tərəflər söhbət zamanı Cənubi Qafqaz regionunda hərbi-siyasi və humanitar vəziyyət, eləcə də Ermənistan və Azərbaycan arasında danışıqlar barədə fikir mübadiləsi aparıblar. 

Rüfət Sultan