Siyasət 03:37 13.09.2022

Paşinyan təcili iclas çağırdı, Putin və Makronla danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan fövqəladə iclas keçirmək üçün İrəvandakı Hökumət Evinə gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.

Hökumət Evinin ətrafında polis qüvvələri cəmləşib.

Məlumata görə, yaxın dəqiqələrdə ölkə hökumətinin təcili iclası gözlənilir.

Həmçinin iddia olunub ki, tezliklə Ermənistan Təhlükəsizlik Şurasının da fövqəladə iclası keçiriləcək.

Bundan öncə Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışıb. Bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar barədə danışıblar.

Daha sonra Paşinyan Fransa prezidenti Emmanuel Makrona zəng edib.

Paşinyan Azərbaycan – Ermənistan sərhəddində baş verənlərlə bağlı Makrona ətraflı məlumat verib.

Telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.