Xəbər lenti

Paşinyandan vacib açıqlamalar: Zəngəzur dəhlizi, sülh sazişi, KTMT və Aİ...
Siyasət 14:57 16.07.2025

Paşinyandan vacib açıqlamalar: Zəngəzur dəhlizi, sülh sazişi, KTMT və Aİ...

"İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl onu paraflaya bilər".

Bunu ölkənin baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

"Bəli, belə bir ideya da var. Belə bir ideya müzakirə masasındadır", deyə o qeyd edib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması yolunda heç bir imkanı əldən vermir.

Paşinyan bildirib ki, Ermənistan kommunikasiyaların açılması məsələsinə ərazi bütövlüyü kontekstində baxır: "Kommunikasiyaların açılması ilə bağlı bütün müzakirələrimizdə, vurğulamaq lazımdır ki, biz Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası kontekstində görmüşük, görürük və görəcəyik. Biz heç vaxt bu gündəliyə zidd olan müzakirələr aparmamışıq".

O, qeyd edib ki, İrəvan regionda nəqliyyat kommunikasiyalarının açılmasında, həmçinin Ermənistandan üçüncü ölkələrə Azərbaycan ərazisi vasitəsilə, Azərbaycandan üçüncü ölkələrə isə Ermənistan ərazisi vasitəsilə beynəlxalq əlaqələrin qurulmasında maraqlıdır: "Biz ikitərəfli əmtəə dövriyyəsində, Ermənistandan üçüncü ölkələrə Azərbaycan ərazisi vasitəsilə, Azərbaycandan üçüncü ölkələrə Ermənistan ərazisi vasitəsilə beynəlxalq əlaqələrdə, həmçinin tranzit mübadiləsində maraqlıyıq".

Paşinyan vurğulayıb ki,  Ermənistan, Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri formatında işçi qrupu "müəyyən etimadsızlıq" səbəbindən fəaliyyət göstərmir: "Ermənistan, Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri formatı məlum səbəblərdən, o cümlədən bəzi praktiki problemlər, mövcud mətnin təfsiri ilə bağlı fikir ayrılıqları səbəbindən artıq çoxdan fəaliyyət göstərmir".

Baş nazir Azərbaycandan Naxçıvana Sünikdən keçən yolun (Zəngəzur dəhlizi-red.) idarəsinin özəl şirkətə verilə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, idarəetmənin verilməsi məsələsində hazırda bir neçə oxşar hal var:

"Məsələn, "Zvartnots" hava limanının idarəetməsi həvalə edilib. Hesab etmirəm ki, burada Ermənistanın yurisdiksiyası və ya ərazi bütövlüyü hər hansı şəkildə pozulub".

O bildirib ki, su təchizatı sisteminin idarə edilməsi, Ermənistanın dəmir yolları və s. ilə bağlı da vəziyyət belədir. Lakin sadalanan bütün hallarda bu infrastrukturlar Ermənistanın mülkiyyətindədir. Bundan əlavə, Paşinyan qeyd edib ki, Ermənistan öz ərazisindən yüklərin keçid rejiminin sadələşdirilməsinə hazırdır: "Məni təəccübləndirir ki, bəzi qüvvələr və ya insanlar Ermənistan ərazisindən dəmir yolu hərəkətinin yenidən başlamasını faciə kimi təqdim etməyə çalışırlar. Halbuki faciə ondadır ki, Ermənistan vasitəsilə tranzit dəmir yolu əlaqəsi yoxdur".

Paşinyan bildirib ki, Ermənistan hakimiyyəti ölkəni Serj Sarkisyandan azad etdiyi kimi, Erməni Apostol Kilsəsini də azad edəcək. O, bütün ermənilərin katolikosuna qarşı kampaniya təşkil etməklə bağlı ittihamları rədd edib və kilsəyə qarşı kampaniya başlada bilməyəcəyini qeyd edib: "Erməni Apostol Kilsəsi mən və ailəm üçün müqəddəsdir. Buna görə də biz onunla heç bir şəkildə mübarizə apara bilmərik. Nə ediriksə, kilsənin özü üçün edirik. Əgər kilsə bizim üçün müqəddəs olmasaydı, bu gün müşahidə olunan dağıdıcı prosesə sadəcə laqeyd qalardıq. Üstəlik, kilsənin indiki fəaliyyətləri, təəssüf ki, onun özünə zərər verir".

Baş nazir Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ehtimalının bu təşkilatda iştirakını bərpa etməsindən daha yüksək olduğunu bildirib: "Ermənistanın KTMT-dən çıxması ehtimalı münasibətləri bərpa etməsindən daha yüksəkdir".

Paşinyan qeyd edib ki, dövlət iş adamı Samvel Karapetyanın "Ermənistan Elektrik Şəbəkələri"nin idarəetməsini müvəqqəti olaraq öz üzərinə götürəcək və daha sonra ən səmərəli operatoru tapacaq. O, daha sonra ən səmərəli operatorun tapılacağını əlavə edib: "Hazırkı mərhələdə biz "Ermənistan Elektrik Şəbəkələri"nin idarəçiliyini öz üzərimizə götürməliyik və bunu edəcəyik, lakin biz bu milliləşdirmə və ya satınalma prosesi zamanı və ya sonra dövlətin ”Ermənistan enerji şəbəkələri”ni həmişə idarə edəcəyini heç vaxt deməmişik. Bizim vəzifəmiz ən səmərəli idarəedicini tapmaq, ictimai və dövlət nəzarətini formalaşdırmaqdır".

O, həmçinin bildirib ki, Ermənistan Avropa İttifaqının (Aİ) üzvü olmaq istəyir: "Avropalı həmkarlarımız Ermənistanda qəbul edilmiş Aİ-yə qoşulma prosesinin başlanması haqqında qanunun ölkənin Aİ üzvü olmaq istəməsi anlamına gəlib-gəlmədiyini soruşurlar. Cavabım belədir: Bəli, Ermənistan Aİ-nin üzvü olmaq istəyir".//Report

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->