Dünya 15:18 14.06.2022

Pauell doktrinası: ABŞ Ukraynaya qələbə üçün necə kömək etməlidir? - Maks But yazır

Amerikalı hərbi tarixçi Maks But "The Washington Post” üçün köşə yazısında ABŞ-ın Ukraynaya yardım strategiyasını necə dəyişməli olduğu barədə yazıb. Qaynarinfo həmin yazının tərcüməsini təqdim edir:

Tarix tez və ağrısız qələbə gözləyərək müharibələrə başlayan, ancaq gözləniləndən daha uzun sürən və daha az müvəffəqiyyətli bir münaqişəyə girən xalqlarla doludur. İspaniya və Rusiyada Napoleonu, I və II Dünya müharibələrində Almaniyanı, Koreya müharibəsində Şimali Koreyanı, İran-İraq müharibəsində İraqı, Əfqanıstan və İraqda ABŞ-ı düşünün. İlkin optimizm dalğası sona çatdıqdan sonra bütün bu münaqişələr tükəndirmə müharibələrinə çevrildi, burada qaliblər sona kimi dözən və daha çox zərər vura bilənlər oldu.

100 gündən artıqdır davam edən Rusiyanın Ukraynaya təcavüzü də eyni sxem üzrə gedir. Rusiya diktatoru Vladimir Putin Kiyevə qarşı uğursuz blitskriqə "stvaka” etdi və uduzdu. Müharibənin ilk günlərində dünya Ukraynanın qəhrəmanlığına heyran qaldı, qoşunların Rusiyanın təslim olmaq tələbinə ölməz sözlərlə cavab verməsi ilə simvollaşdırıldı: "Rus döyüş gəmisi, … burdan!”

Lakin ağır insani və maddi itkilərə baxmayaraq (Pentaqonun hesablamalarına görə, Rusiya 1000-ə yaxın tank itirib) Putin məkrli işğalını dayandırmadı. Sadəcə olaraq onun miqyasını kiçiltdi. Aprelin ortalarında o, qüvvələrini Ukraynanın şərqindəki Donbasa yönləndirdi. Rus artilleriyası bu sektorda Ukrayna qoşunlarının həyatını "cəhənnəmə” çevirib. Prezident Volodimir Zelenski deyir ki, ruslar gündə 100-ə qədər ukraynalı əsgəri öldürür, 500-ə qədərini isə yaralayır. İşğalçılar Ukrayna ərazisinin təxminən 20%-nə nəzarət edirlər, bu, Niderlandın ərazisindən daha böyükdür. 

Məlumata görə, Putin hesab edir ki, Qərbin iradəsi zəifləyənə qədər gözləsə, hələ də müharibədə qalib gələ bilər və Qərbdə onu ruhlandıranlar çoxdur. Keçmiş dövlət katibi Henri Kissincer sülh naminə Ukrayna torpaqlarını Rusiyaya verməyi təklif edir və Fransa prezidenti Emmanuel Makron Rusiyanı "alçaldılmamalı” olduğunu təkid edir. Belə çıxır ki, Putin qanunsuz təcavüzünə görə mükafatlandırılmalıdır?

Bu, çarəsizliyin əlamətidir və yerdəki faktlarla əlaqəsi yoxdur. Bu yaxınlarda keçirilən sorğu göstərdi ki, ukraynalıların demək olar ki, 80%-i ölkələrinin düzgün istiqamətdə getdiyinə inanır və bir çox ukraynalı qaçqınlar artıq evlərinə qayıdırlar.

Döyüş əməliyyatlarının mənzərəsi bir ay əvvəlkindən daha qaranlıq, lakin üç ay əvvəlkindən daha parlaqdır. Bəli, ukraynalılar mövqelərini bir qədər itiriblər, amma onların geri aldıqları mövqelər də var. Onlar işğalçılar adlandırdıqları "orkları” Ukraynanın şimalından qovdular və cənubda kəndləri geri aldılar. Ukrayna qoşunları hətta bir həftə əvvəl itirilmiş kimi görünən uzaq şərqdə yerləşən Severodonetsk şəhərinin bir hissəsini geri almağı bacardılar.

Ruslar "Ukraynanın şərqində yavaş-yavaş, çətinliklə və böyük itkilər bahasına irəliləməyə” davam etsələr də (Müharibələrin Tədqiqi İnstitutunun qeyd etdiyi kimi), onlar Ukrayna qoşunlarını mühasirəyə almağa və ya onların döyüş əzmini qırmağı bacarmayıblar. Rusiya ordusu, əksinə, səriştəsiz rəhbərlikdən və aşağı əhval-ruhiyyədən əziyyət çəkməkdə davam edir, bu da artilleriya ilə hər şeyi darmadağın edənə qədər əsgərlərin niyə irəli getmədiklərini izah etməyə kömək edir. Ukrayna hələ də daha böyük qüvvəyə malikdir, 700.000 əsgəri 200.000-dən az işğalçı ilə üz-üzədir və onun arsenalı Qərbin silah tədarükü sayəsində təkmilləşməyə davam edir.
Son 100 gün ərzində biz həddindən artıq pessimistdən həddindən artıq optimistliyə, indi isə yenidən həddindən artıq pessimistliyə doğru irəliləyirik. İndi Ukraynaya inamı itirməyin vaxtı deyil. İndi azadlıq döyüşçülərinə dəstəyimizi ikiqat artırmağın vaxtıdır.
Ümumilikdə götürsək, prezident Bayden Ukraynanı dəstəkləmək üçün əla işlər görüb. O, müttəfiqlərin dəstəyini məharətlə təmin edib və Konqresi işğal başlayandan bəri 54 milyard dollar yardım göstərməyə inandırıb. Və o, ruslarla birbaşa hərbi əməliyyatlarda iştirak etməməklə bağlı düzgün addım atıb və bu səbəbdən Ukrayna səmasını uçuşa qadağan zona elan etməkdən imtina edib. Lakin o, hələ də hərbi yardım göstərilməsində həddindən artıq ehtiyatlı yanaşma ilə seçilir.

Artıq bir neçə aydır ki, ukraynalılar Rusiya artilleriyasını zərərsizləşdirməyə imkan verəcək çoxsaylı reaktiv yaylım atəşi sistemləri üçün yalvarırlar. Nəhayət, keçən həftə Bayden M142 HİMARS-ların (High Mobility Artillery Rocket Systemsi) tədarükünə razılıq verdi, lakin onlardan yalnız dördünü göndəriblər. Bağışlayın, amma bu, kömək etməyəcək. Müttəfiqlər bəzi boşluqları aradan qaldırsa da (Almaniya özünün IRIS-T hava hücumundan müdafiə sistemlərini göndərməyi vəd edir), Bayden hələ də "Patriot” uzun mənzilli hava hücumundan müdafiə sistemləri və ya qırıcı təyyarələri (MiQ-29 və ya daha yaxşısı F-16) təmin etməkdən imtina edir. Ukraynanın onlara böyük ehtiyacı var. O, həmçinin Ukraynanın iqtisadiyyatını boğan Rusiyanın Qara dənizi dəniz blokadası ilə bağlı heç bir tədbir görmək istəmir. 

Bayden mərhum Dövlət katibi Kolin L. Pauell tərəfindən tərtib edilmiş Pauel doktrinasını xatırlasa yaxşı olar. O, "yarı müharibələr"ə girməməyi tövsiyə edirdi və iddia edirdi ki, Birləşmiş Ştatlar güc tətbiq etdikdə qalib gəlmək üçün bunu böyük güclə etməlidir. Eyni doktrina hərbi yardıma da şamil edilməlidir: məğlubiyyətdən qaçmaq üçün Ukraynaya kifayət qədər kömək göstərmək əvəzinə, o qədər böyük dəstək verməliyik ki, o, müharibədə qalib gələ bilsin (bu, 24 fevraldan sonra itirilmiş ərazilərin çoxunu azad etmək deməkdir).

Ukraynada mübarizə yorğunluğu əlaməti yoxdur. Bizdə də bu olmamalıdır. 

Nizami Bağırov