Dünya 19:05 04.01.2023

Pensiya islahatı Fransanı yenidən çalxalayacaqmı?

Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində 2023-cü ildən vahid və həmrəy ölkədə yaşamağı arzulayıb. O, parçalanmış dövlətdə çətinliklərdən çıxmağın mümkün olmadığını vurğulayaraq, enerji böhranına və inflyasiyaya toxunub. Avropa məkanında Fransanın ən aşağı artım tempinə malik ölkə olduğunu vurğulayan E.Makron 2023-cü ilin "pensiya islahatı ili” olacağını bildirib.

Lakin E.Makronun arzuları fransız siyasətçilər və analitiklər tərəfindən birmənalı qarşılanmayıb. Onlar "milli birliyin” dövlət tərəfindən təkrarlanan çeynənmiş ifadə olduğunu qeyd ediblər. "Parçalanma”nı vurğulayaraq vahid, həmrəy ölkə olmaqla bağlı fikirləri Fransa dövlət başçısının narahatlıqlarını əks etdirdiyini, belə ifadələr üzərində təkidlə dayanılmasının isə dövlətin bölünmədən, etirazlardan, hər an alovlana bilən sosial mühitdən nə dərəcədə qorxduğunu göstərdiyi bildirilir. Buna görə də E.Makronun sakitləşməyə, dialoqa meyilli olduğunu bildirməsinə baxmayaraq, ilin əvvəlində pensiya islahatlarının təqdim edilməsi ilə vəziyyətin kəskinləşəcəyinin qaçılmaz olduğu qeyd edilir. Çünki dövlət başçısı həmkarlar ittifaqlarının yekdilliklə əleyhinə çıxdığı pensiya islahatının yayın sonunda qüvvəyə minəcəyini vurğulayıb.

Assambleyada mütləq çoxluqdan məhrum olan E.Makron dialoqu təşviq etmək üçün bəzi təşəbbüslər göstərsə də, uğur əldə etməyib. Dialoq aparılması üçün təsis edilmiş Milli Yenidənqurma taleyindən göründüyü kimi, dialoq qurmaq istiqamətində heç bir konkret addım görünmür. Şura yaranandan bəri hələ heç bir dialoqa nail olunmayıb. Əksinə prezident fərmanlarının həyata keçirilməsində Konstitusiyanın 49.3-cü maddəsinin təkrar istifadəsi bir tərəfdən həmkarlar ittifaqları, digər tərəfdən isə müxalifətdən olan deputatlarla münasibətlərin daha da pisləşməsinə səbəb olub.

Bəzi siyasətçilər hesab edirlər ki, icra hakimiyyəti ona punktual şəkildə tərəfdaş və ya müttəfiq kimi xidmət göstərəcək tərəfləri daha da zəiflətməyə çalışanda, özünü daha şiddətli və nəzarətdən çıxan kütləvi hərəkatlarla qarşı-qarşıya qoymaq riskini artırır. Bu, hələ dörd il əvvəl "sarı jiletlilər”in və son həftələrdə Dəmir Yolları Milli Şirkəti (SNCF) işçilərinin tətilindən aydın görünür. Vurğulanır ki, Prezidentin etiraz formalarına son qoymaq məqsədilə etdiyi "milli birlik” çağırış yetərli olmayacaq.

Qeyd edək ki, son 12 ildə ilk dəfə bütün həmkarlar ittifaqları pensiya islahatı əleyhinə birlikdə səfərbər olmağa hazır olduqlarını bildiriblər.

Mənbə: AZƏRTAC