Xəbər lenti

Peşə təhsili niyə unudulur? - Ekspert
Ölkə 19:42 07.09.2025

Peşə təhsili niyə unudulur? - Ekspert

Son illər Azərbaycanda gənclərin təhsil seçimi ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri peşə təhsilinə münasibətdir.

Əmək bazarının tələbləri göstərir ki, peşə sahiblərinə böyük ehtiyac var, lakin cəmiyyətin bir qismi hələ də bu istiqaməti ikinci dərəcəli sayır. Dövlət proqramları, müxtəlif layihələr və beynəlxalq əməkdaşlıqlar vasitəsilə peşə təhsilinin nüfuzunu artırmaq üçün addımlar atılsa da, valideynlər və gənclər arasında formalaşmış stereotiplər problemin kökündə dayanır.

Bəs Azərbaycanda peşə təhsilinə marağın az olmasının əsas səbəbləri hansılardır? Peşə təhsilinin nüfuzunu artırmaq üçün ən effektiv çıxış yolları nələrdir?

Qaynarinfo xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb.

Ekspertin fikrincə, Azərbaycanda peşə təhsilinə marağın zəif qalması, əslində, struktur problemlərin və ictimai şüurun nəticəsidir:

"Əmək bazarında hər il minlərlə vakansiya texniki bacarıqlar tələb edir, lakin orta məktəbi bitirən gənclərin böyük əksəriyyəti yalnız ali məktəbə yönəldilir. Dövlət İmtahan Mərkəzinin qəbul sistemi bütün ixtisasları ali məktəblərə bağladığı üçün gənclər üçün peşə təhsilinə gedən yol formal olaraq daraldılıb. Bu isə "bütün gələcək yalnız universitetdədir" stereotipini gücləndirir. Halbuki əmək bazarında real tələb xidmət sahələrinə, istehsalata, texniki bacarıqlara yönəlib. 2024-cü ilin statistikasına görə, hər il ali məktəblərə qəbul olanların sayı 50 min nəfəri keçsə də, peşə təhsilinə gedənlərin sayı 10 min nəfəri belə çətinliklə aşır. Bu nisbət əmək bazarının tələbləri ilə uzlaşmır və nəticədə yüzlərlə ixtisas üzrə peşəkar çatışmazlığı yaranır.

"Təhsil haqqında" Qanunun 22-ci maddəsində peşə təhsili ayrıca pillə kimi təsdiqlənir və orada açıq şəkildə göstərilir ki, peşə təhsili əmək bazarının tələblərinə uyğun kadr hazırlamalıdır. Ancaq qanunda yazılanlarla real vəziyyət arasında boşluq var. Dövlət İmtahan Mərkəzinin qəbul mexanizmi faktiki olaraq bütün ixtisasları ali məktəblərə yönəltdiyindən, gənclərin seçim azadlığı məhdudlaşır. Xidmət sektoru üzrə bərbər, aşpaz, avtomexanik, qaynaqçı, elektrik, texniki xidmət mütəxəssisi kimi ixtisasların böyük əksəriyyəti peşə məktəblərində olmalı ikən indi bunların bir qismi də ali məktəblərin tabeliyinə verilib. Bu yanaşma həm gənclərin vaxtını uzadır, həm də əmək bazarına kadr çıxışını ləngidir.

Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi islahatlar xüsusi vurğulanmalıdır. Nazirlik peşə məktəblərinin maddi-texniki bazasının yenilənməsi, beynəlxalq tərəfdaşlıqların qurulması və dual təhsil modelinin tətbiqi ilə mühüm işlər görüb. Almaniya və Cənubi Koreya modellərinin Azərbaycanda sınaqdan keçirilməsi, bəzi peşə məktəblərində işəgötürənlərlə əməkdaşlıq əsasında tələbələrin həm oxuyub, həm də işləməsi imkanlarının yaradılması çox önəmlidir. Bu, gənclərin həm təcrübə toplamasını, həm də məzun olduqdan sonra işlə təmin olunmasını asanlaşdırır. Nazirliyin bu istiqamətdə gördüyü işlər beynəlxalq təcrübə ilə müqayisədə yeni mərhələdir və ölkə üçün müsbət irəliləyişdir. Lakin problemlər hələ də qalır".

Kamran Əsədovun sözlərinə görə, əsas problem odur ki, peşə təhsili üzrə ixtisasların sayı kifayət qədər geniş deyil:

"Halbuki müasir əmək bazarı daim dəyişir və hər il yeni peşələr yaranır. İnformasiya texnologiyaları, turizm, logistika, enerji, kənd təsərrüfatı və xidmət sahələri üzrə çoxlu yeni ixtisaslar peşə məktəblərində tədris olunmalıdır. Burada dövlətin güzəşt siyasəti mühüm rol oynaya bilər. Peşə təhsilini bitirənlər üçün dövlət müəssisələrində işə qəbul zamanı kvotalar ayrılmalı, əlavə üstünlüklər tanınmalı, hətta sosial paketlərdə güzəştlər nəzərdə tutulmalıdır. Bu yanaşma gənclərin seçim motivasiyasını artırar.

Dünya təcrübəsi göstərir ki, Almaniyada peşə təhsilinə gedənlərin sayı bütün məzunların 50 faizindən çoxdur. Bunun əsas səbəbi dual sistemdir – tələbə eyni vaxtda həm oxuyur, həm də işəgötürənlə müqavilə bağlayır.

Finlandiyada isə peşə məktəbindən ali məktəbə keçid mexanizmi açıqdır, yəni peşə təhsili ali təhsilə mane olmur. Bu çeviklik cəmiyyətin gözündə peşə məktəbinin nüfuzunu yüksəldir.

Azərbaycanda da belə bir sistem tətbiq olunarsa, gənclər "peşə məktəbinə gedirəmsə, yolum bağlanır" düşüncəsindən xilas olarlar".

Ekspert hesab edir ki, peşə təhsilinə marağın zəif qalmasının əsas səbəbi qəbul sisteminin sərt çərçivələri və ictimai stereotiplərdir:

"Elm və Təhsil Nazirliyi müasir layihələri ilə bu sahədə mühüm işlər görsə də, DİM-in mexanizmləri faktiki olaraq gənclərin seçim imkanlarını daraldır. İxtisasların daha çoxunun peşə məktəblərinə keçirilməsi, peşə təhsilli məzunlara güzəştlərin tətbiqi, işəgötürənlərlə geniş əməkdaşlıq və ali təhsilə elastik keçidlərin yaradılması gələcəkdə bu sahənin nüfuzunu xeyli artıracaq. Bu dəyişikliklər həyata keçsə, həm gənclərin marağı artar, həm də əmək bazarında real tələb olunan kadr çatışmazlığı aradan qaldırılar".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->